Payxtaxtımızda keçirilən və 40-dan artıq nəşriyyat və kitab evinin təmsil olunduğu V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Azərbaycan Respublikası “Xatirə kitabı” redaksiyasının ərsəyə gətirdiyi kitablar da sərgilənib. “Xatirə kitabı”na aid stendin xarici qonaqların marağına səbəb olduğu bildirilir.
“Xatirə kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova qəzetimizə verdiyi açıqlamada sərgi-yarmarkanın əhəmiyyətini vurğuladı. O bildirdi ki, V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında “Xatirə kitabı” redaksiyası tərəfindən müxtəlif dövrlərdə nəşr edilən 20-dən çox kitab sərgilənib: “Biz, həmçinin, “Xatirə kitabı”nın 15 cildinin hamısını sərgidə nümayiş etdirirdik. Nəşrlərimiz sərgi-yarmarka iştirakçılarının diqqətini çəkdi. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də bizim stendə yanaşdı, gördüyümüz işlərlə, nəşr etdiyimiz kitablarla bağlı müsbət fikir bildirdi. Vurğuladı ki, bu nəşrlər vətən üçün vacib nəşrlərdir. Orada Türkiyə təmsilçiləri iştirak edirdilər. Onlar da bizim sərgi ilə maraqlandılar”.
Qeyd edək ki, “Xatirə kitabı” redaksiyasında vətən uğrunda canından keçən xalqımızın övladlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində böyük işlər görülür.
İRADƏ