Füzuli Dövlət Dram Teatrında XXIX mövsümün açılışı olub. Bu barədə qəzetimizə teatrın direktoru Vaqif Vəliyev məlumat verib. Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev Füzuli teatrının tarixi və bu günü haqqında gələn tamaşaçılara geniş məlumat verərək, teatrın fəaliyyətindən danışıb.
Məlumata görə, daha sonra Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova çıxış edərək yeni mövsümlə əlaqədar bütün kollektivi təbrik edib və yeni işlərində uğurlar arzulayıb. Rayon Təhsil Şöbəsinin müdiri Ramella Məmmədova da öz çıxışında teatrın təhsillə vəhdətdə olduğunu və hazırlanan tamaşaların şagirdlərin zövqünü oxşadığını xüsusi vurğulayıb.
Teatrın ötən mövsümdə uğurları ilə fərqlənən bir neçə aktyor və aktrisası fəxri fərmanla təltif olunublar. Çıxışlardan sonra 2017-ci ilin repertuarında olan Ş.Qurbanovun “Özümüz bilərik” tamaşası təqdim olunub. Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Tamaşada əsas rollarda Qaçaq Qarayev, İntizar Quliyeva, Sehran Xanlarov, Sevinc Məmmədova, Aygün Cəfərova, Orxan Əlibəyov və başqaları çıxış ediblər.
İRADƏ