Rəcəb Albayraqın “Türklərin İranı-Yaxın gələcək” kitabının I və II cildləri tanınmış türkoloq, professor Ramiz Əsgərin tərcüməsində “Mütərcim” nəşriyyatında işıq üzü görüb. Nəşrin elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Muxtar İmanov, redaktoru isə Dr.Cavanşir Feyziyevdir.
Dr.Rəcəb Albayraqın “Türklərin İranı-Yaxın gələcək” kitabının I cildində İran türkləri elmi şəkildə təsnif və təsbit edilərək Azərbaycan, türkmən, xalas, qaşqay və Xorasan türklərindən ibarət olduğu göstərilib, onların sayı və vilayət (ostan), şəhər və digər yaşayış məntəqələri üzrə dəqiq şəkildə hesablanıb, İrandakı Azərbaycan torpaqlarının dəqiq sərhədləri müəyyənləşdirilib: “Burada İranı idarə etmiş Səfəvi, zənd, əfşar, qacar və pəhləvi sülalə və xanlıqlarının xronologiyası, ən yeni tarixin bir sıra mühüm hadisələri (Təbriz əncüməni, Məşrutiyyət hərəkatı, Azadistan dövləti, Azərbaycan Milli Hökuməti, 21 Azər hərəkatı, ağ inqilab, islam inqilabı), tarixə damğasını vurmuş şəxsiyyətlər (Səttar xan, Bağır xan, Məhəmməd Tağı xan Pəsyan, Mirzə Kiçik xan, Şeyx Məhəmməd Xiyabani, Əbdülqasım Lahuti, Seyid Cəfər Pişəvəri, Dr. Məhəmməd Müsəddiq, ayətullah Ruhulla Xomeyni), müxtəlif dövrlərdə mövcud olmuş mülki sistem və ərazi-inzibati bölgü, ölkədəki xalqlar, əşirətlər, etnik qruplar, dinlər və məzhəblər, dillər və ləhcələr, o cümlədən türkcədən farscaya keçmiş sözlər, türkcə toponimlər, maraqlı etnoqrafik məlumatlar, Kürəkçay, Gülüstan, Türkmənçay müqavilələrinin mətnləri verilib”.
Kitaba professor R.Əsgər “Azərbaycanca nəşrinə bir neçə söz” adlı ön söz də yazıb: “Dünya coğrafiyasında bizim üçün müstəsna əhəmiyyət daşıyan üç ölkə var. Bunlar bizdən şərqdə və qərbdə yerləşən Türkiyə və Türküstan, cənubda yerləşən İrandır. Bizim tariximiz və keçmişimiz, istiqbal və gələcəyimiz, başqa sözlə, mazimiz və atimiz bu ölkələrlə bağlıdır. Bunların içində İran fövqəladə dərəcədə yer tutur...”.
Kitabın həm elmi ictimaiyyət, həm də türk tarixi ilə maraqlananlar üçün əhəmiyyəti böyükdür.
Xəbər xidməti