“Ölümün verdiyi həyat” bədii filminin xüsusi nümayiş tarixləri məlum olub. Film 7, 8 və 9 may tarixlərində Nizami Kino Mərkəzində təqdim olunacaq.
Ekran əsəri paralel talelərin kəsişdiyi və insan vicdanının ağır sınaqlardan keçdiyi psixoloji dram kimi təqdim olunur. Hadisələr Bakı–Balakən qatarında müəlliflə rejissor arasında təsadüfən başlayan söhbət fonunda inkişaf edir və izləyicini Sumqayıtda baş vermiş faciənin mərkəzinə aparır.
Süjetin əsas xətti hakim Barat Ataxanlının çətin qərar qarşısında qalması üzərində qurulub. Aylar əvvəl baş vermiş ağır yol qəzası, dağılan ailə və xəstəxanada həyat uğrunda mübarizə aparan balaca qızcığaz filmin dramatik xəttini formalaşdırır.
Film həyat və ölüm, qanun və mərhəmət, günah və bağışlanma mövzularını dərin psixoloji çalarlarla təqdim edir.
Qeyd edək ki, ekran işi Vüsal Cəbrayıloğlunun “Ölümün bəxş etdiyi həyat” romanı əsasında çəkilib. Filmin rejissoru Ramil Adiloğludur.
Xüsusi nümayişdən sonra filmin beynəlxalq festivallarda ölkəmizi təmsil etməsi planlaşdırılır.