28 may 2025-ci il tarixində Danimarkanın paytaxtı Kopenhagen şəhərində Skelgårdskirken Kilsəsində, ”Danimarka Azərbaycan Gənclər Dostluğu Cəmiyyəti”nin təşkilatçılığı ilə ”28 May Azərbaycanın Müstəqillik Günü”nün 107-ci ilinə həsr olunmuş bayram tədbiri keçirilmişdir. Çox yüksək səviyyədə təşkil olunmuş və Danimarkanın nüfuzlu ziyalılarının təmsil olunduğu onlarla tamaşaçıların iştirakıyla keçirilən möhtəşəm bayram tədbirinin rəsmi hissəsində ”Danimarka Azərbaycan Gənclərinin Dostluğu Cəmiyyətinin”nın sədri Kərim Elxan, əslən pakistanlı olan və uzun illərdir Danimarkada yaşayan Azərbaycanın yaxın dostu, tanınmış ictimai-siyasi xadim Bashy Quraishy, Beynəlxalq Sülh Federasiyasının sədri Karsten Nielsen çıxış edərək, ölkəmizin son illərdə qazandığı böyük nüfuzundan söz açmış və xalqımızı Müstəqillik bayramı münasibətilə təbrik etmişlər. Danimarkada yaşayan və mədəniyyət sahəsində çalışan istedadlı musiqiçilər Kəmalə Hüseynova, Mehtat Zamani və Aliyə Mahmudzadə bayram münasibətilə öz təbriklərini səsləndirdikləri gözəl azərbaycan musiqiləriylə çatdırıblar. Bayram tədbirinin rəsmi hissəsi başa çatdıqdan sonra, tamaşaçılara tədbirin bədii hissəsi təqdim edilmişdir. Tədbirin bədii hissəsində geniş konsert proqramı ilə çıxış edən, Respublika və Beynəlxalq Müsabiqələr laureatı, ”Qran Pri” mükafatçısı, Avstriyanın Anton Brukner adına Konservatoriyasının tələbəsi, gənc azərbaycanlı pianoçu Ayan Məmmədlinin xüsusi sevgi və şövqlə ifa etdiyi, böyük Azərbaycan bəstəkarlarından Qara Qarayev, Cövdət Hacıyev, Vaqif Mustafazadənin, o cümlədən bir sıra avropa bəstəkarlarının əsərləri, danimarkalı tamaşaçılar tərəfindən böyük hərarət və sürəkli alqışlarla qarşılanmışdır. Elə bu alqışlar altında öz təbriklərini çatdıran Ayan Məmmədli, Danimarka tamaşaçıları qarşısında artıq üçüncü dəfə olaraq konsert verdiyini, ilk səfərinin 2018-ci ildə Azərbaycan müstəqillik Gününün 100-cü yubileyi dövrünə təsadüf etdiyini, ikinci konsertin 2024-cü ilin mayında ”COP-29”-a həsr olunduğunu və bu gün isə yenə bu möhtəşəm bayram ərəfəsində orada olduğunu qeyd etməklə yanaşı, öz Vətəniylə hər zaman qürur duyduğunu və onun tükənməz musiqisini bütün dünyada sevə-sevə tərənnüm etməyi özünün ən şərəfli işi olduğunu bildirmişdir.