Adil Qeybulla: “Ailə həkimi institutunun Azərbaycanda yaradılması üçün xüsusi qanuna ehtiyac yoxdur, bu, səhiyyə islahatlarının tərkib hissəsi olmalıdır”
Ölkəmizdə ailə həkimi institutu yaradılması nəzərdə tutulur. Hazırda icbari tibbi sığorta pilot layihəsi başa çatmaq üzrədir və gələn ildən onun bütün ölkə ərazisində tətbiq olunması gözlənir. İcbari tibbi sığortanın daha səmərəli olması üçün Azərbaycanda ailə həkimi institutu yaradılmalıdır.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev media nümayəndələrinə açıqlamasında qeyd edib ki, ailə institutunun yaradılması bu il ərzində real görünməsə də, yaxın bir-iki il ərzində gerçəkləşməsi mümkündür: “Ailə həkimi, ilk növbədə, kənd və rayon yerlərində yaşayan əhaliyə ilkin tibbi yardım göstərmək, tibbi maarifləndirmə işi aparmaq, lazim gələrsə, onların şəhər klinikalarında yerləşdirilməsi, konsultasiyalar alması və s. işlərin həyata keçirilməsinə xidmət etməlidir. İndiki ambulator poliklinikalarda çalışan terapevt və pediatrlar müəyyən kurs keçəndən sonra bu işi aparmaq imkanı qazanacaqlar. Ailə həkimi institutu insanların sağlamlığının təmin edilməsində və cəmiyyətin sağlam tərzdə inkişafında böyük rol oynayacaq. Bu, əhalinin tibbi xidmətlərə əlçatanlığının yaxşılaşdırılması, hər bir ailənin öz həkimi olması və rahat şəkildə tibbi xidmətlərə çıxış əldə etməsinə şərait yaradacaq”.
Qeyd edək ki, Azərbaycanda ailə həkimi institutunun yaradılması ilə bağlı məsələ son günlər yenidən aktuallaşıb. Mütəxəssislər hesab edirlər ki, ailə həkimi institutunun formalaşması xəstəliklərin vaxtında aşkar edilməsinə və daha çevik müalicəsinə imkan verə bilər.
Professor, tibbi ekspert Adil Qeybulla ailə həkimi institutunun sahə həkimi sistemindən daha mütərəqqi olduğunu düşünür. Onun fikrincə, ailə həkimi institutu Qərb təbabətində tibbin bir hissəsidir: “Qabaqlar bizdə sahə həkimləri var idi. Evə ilk çağırışa gələn həkim də sahə həkimi olurdu. Həmin sahə həkimləri də xəstələri lazımi yerə yönləndirirdi. Xəstə lazım olanda evdə, lazım olanda isə stasionar müalicə alırdı. Sahə həkimlərinin kifayət qədər səlahiyyəti var idi. Onlar poliklinikalarda otururdular. Ailə həkimi institutu isə daha rasional bir institutdur. Bu qəbildən olan həkimlər konkret bir neçə ailəni nəzərdə saxlayır. Onlar həmin ailələrin bütün xəstəliklərini, az qala gen xəritəsinə qədər bilən həkimlər olur. Bu həkimlər üçün xəstəni yönləndirmək daha asan olur.
Ailə həkimi institutu təbabətin ayrılmaz hissəsidir. Hesab edirəm ki, bu institut sovet təbabətində olan sahə həkimi institutundan daha effektlidir. Ümumiyyətlə, ailə həkimi institutunun Azərbaycanda yaradılması üçün xüsusi qanuna ehtiyac yoxdur. Bu, səhiyyə islahatlarının tərkib hissəsi olmalıdır. Ailə həkiminin səlahiyyətləri, hüquqları, digər tibb strukturları ilə münasibəti və s. ümumi səhiyyə qanununda göstərilir və bu məsələ qanunla tənzimlənir”.
Günel CƏLİLOVA