İsveçrədəki Lüsern gölü üzərində ABŞ və İran arasında dörd aylıq müharibədə sülhün təmin edilməsi məqsədilə başlayan tarixi zirvə görüşü ABŞ prezidenti Donald Trampın Hörmüz boğazı və Hizbullahla bağlı sərt təhdidlərindən sonra İran nümayəndə heyətinin etiraz əlaməti olaraq danışıqları tərk etməsilə yarımçıq qalıb.
ABŞ-ın vitse-prezidenti J.D.Vens və İran Parlamentinin sədri və baş danışıqçısı Məhəmməd Baqer Qalibafın rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyətləri bazar günü səhər Livanda atəşkəsin gələcəyini və İranın dondurulmuş aktivlərini müzakirə etmək üçün bir araya gəliblər. Lakin İran İslam İnqilabı Keşikçiləri Korpusu şənbə günü İsrailin Livandakı hücumlarına cavab olaraq qlobal neft ticarətinin mərkəzi olan Hörmüz boğazını bağladığını elan etdikdən sonra danışıqlar lap əvvəldən gərgin başlayıb. Zirvə görüşünün gedişatını dəyişdirən addım isə ABŞ prezidenti Donald Trampdan gəlib. Fox News-a telefon müsahibəsində Tramp birbaşa İran rəsmilərinə müraciət edərək: "Əgər Hörmüz boğazını bağlasanız, qayıdacaq bir ölkəniz olmayacaq…” deyib.
Bundan əlavə, Tramp sosial media paylaşımında İranın Livandakı proksi qüvvələrinin (Hizbullah) təxribatlarını dərhal dayandırmalı olduğunu, əks halda ötən həftəyə nisbətən daha sərt hərbi hücuma keçəcəklərini bildirib. Trampın sülh danışıqlarının uğursuzluğa düçar olacağı təqdirdə ABŞ-ın "qoruyucu mələk" rolunu öz üzərinə götürə biləcəyini və Hörmüz boğazından neft tranziti üçün 20 faiz pay və ya ödəniş tələb edə biləcəyini bildirməsindən sonra gərginlik pik həddə çatıb. İranın baş danışıqçısı Qalibaf Trampın sərt açıqlamasına cavab olaraq "ABŞ açıqlamalarında diqqətli olmalıdır; silahlı qüvvələrimiz cavab verməyə hazırdır" deyib. Daha sonra İran nümayəndə heyəti Trampın təhdid dolu açıqlamalarına etiraz olaraq danışıqların keçirildiyi binanı tərk edib.
SAMİRƏ