The Times of Israel qəzetinin verdiyi məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı hərbi kampaniyanın ölkədə gələcəkdə mümkün rejim dəyişikliyi üçün şərait yaratdığını bildirib.
Yerusəlimdə keçirilən JNS beynəlxalq siyasi sammitində çıxış edən Netanyahu ABŞ-İsrail birgə əməliyyatının əvvəlində məqsədlərdən birinin İran rejiminin süqutu üçün "şərait yaratmaq" olduğunu deyib.
Onun sözlərinə görə, İsrail münaqişə zamanı əhəmiyyətli nəticələr əldə edib.
İsrail Baş naziri İran rejiminin əsas liderlərinin öldürüldüyünü və ölkənin raket sənayesinə, dəniz və hava qüvvələrinə, eləcə də hərbi sənaye obyektlərinə və infrastrukturuna ciddi ziyan dəydiyini xatırladıb.
Netanyahu İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) iqtisadi strukturlarına dəyən ziyanın yüz milyardlarla dollar olduğunu təxmin edir.
"Onların bərpası uzun müddət çəkəcək. Və onlar heç vaxt bərpa olunmaya da bilər", - deyə İsrailin Baş naziri bildirib.
O, vurulan zərbələrdən və hakimiyyətlə cəmiyyət arasındakı dərin uçurumdan sonra rejimin nə vaxt çökəcəyini proqnozlaşdırmağın mümkün olmadığına inanır. "Düşünürəm ki, onun sonda çökməsi üçün şərait yaratmışıq", - deyə Netanyahu bildirib.
O, həmçinin vurğulayıb ki, "rejimin son taleyi İran vətəndaşlarının özlərindən asılıdır".
SAMİRƏ