Fevralı 26-da Gəncə şəhər sakini "102 Zəng Mərkəzi Xidməti”nə zəng edərək bildirib ki, 2 nəfər şəxs evinə daxil olaraq oğurluq etməyə cəhd edir.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının dərhal həyata keçirdiyi təxrəsalınmaz əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Goranboy rayon sakinləri Elxan Bayram oğlu (1997) və Adil Nuriyev (1991) dəmir barmaqlıqları qıraraq evə daxil olub. Polis əməkdaşlarının zərərsizləşdirdiyi soyğunçuların üzərinə baxış keçirilən zaman onlardan 1 ədəd “Makarov” tipli tapançaya bənzər alışqan, 1 ədəd vint açan, 2 ədəd cib bıçağı, 2 cüt əlcək və 1 ədəd tiyəli xəncər formalı bıçaq maddi sübut kimi götürülüb.
Araşdırmalar zamanı müəyyən olunub ki, Adil Nuriyev əvvəllər məhkumluq həyatı yaşayıb (333.3.) və hazırda Bakı şəhər Binəqədi RPİ-də dələduzluq etdiyinə görə istintaqa cəlb olunub (178.2.2.).
Qeyd edək ki, soyğun zamanı onların götürdüyü 1 ədəd mobil telefon və 1 ədəd gümüş üzük də istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Eşqin QASIMOV Polis leytenantı