Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində ötən gün növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şirvan şəhər sakini İlkin Əsgərov polis əməkdaşları tərəfindən saxlanaraq şöbəyə gətirilib. Şöbədə onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd sellofan bükümdə narkotik vasitə hesab olunan, ümumi çəkisi 256,816 qram heroin aşkar edilərək götürülüb.
Faktla bağlı ŞPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq gedir.
Toğrul NƏSİRLİ polis leytenantı