Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ümumən cinayətkarlığa, o cümlədən onun mülkiyyət əleyhinə olan növlərinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Ötən gün polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra oğurluqlar törədən şəxslər saxlanaraq istintaqa cəlb edilib.
Belə ki, Suraxanı RPİ 30-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin noyabr-dekabr ayları ərzində rayon ərazisindəki 4 evdən, 1 həyətyanı sahədən təmir-tikinti alətləri, məişət əşyaları və 2 baş qoyun oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Nurlan Ağayev və Sərhat Əmirov saxlanıb.
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə yanvarın 25-dən fevralın 10-dək olan müddətdə şəhər ərazisindəki 5 evdən qızıl, məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Əziz Əsgərov saxlanıb.
Fevralın 6-da Nərimanov rayonu ərazisindəki mağazaların birindən 515 manat pul və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini olan bir yeniyetmə də 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanıb.
Yanvarın 25-də rayon ərazisindəki evlərin birindən 1000 manat, 5000 manat dəyərində qızıl əşyalar və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Rəsul Bəkirov Qazax RPŞ-nin əməkdaşları tərəfindən saxlanıb, digər 3 nəfərin isə şəxsiyyəti müəyyənləşdirilib.
Faktlarla bağlı cinayət işləri başlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı