Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb, silah-sursat götürülüb.
Belə ki, narkotik satışında şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanıb. Araşdırmalarla onun Qumbaşı kənd sakini, əvvəllər məhkum olunmuş Sübhan Əliyev olduğu məlum olub. Baxış zamanı üzərindən 1,5 qr tiryək aşkar edilib.
Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Oradan əlavə 1 kiloqram 945 qram marixuana, 4,1 qram heroin, 92,84 qram tiryək, həmçinin müvafiq sənədləri olmayan lüləsi kəsilmiş 1 ədəd “TOZ-25”, 1 ədəd xaricdə istehsal edilmiş ov tüfəngləri, 6 ədəd patron, 3 ədəd xəncər, 1 ədəd balta və 1 ədəd maska aşkar edilərək götürülüb.
ŞRPŞ əməkdaşlarının keçirdiyi digər əməliyyat tədbiri nəticəsində saxlanan Qumbaşı kənd sakini Yalçın Dadaşovun üzərinə baxış zamanı tiryək aşkar edilib. Polis əməkdaşları tərəfindən onun evinə baxış zamanı isə əlavə olaraq 114,54 qram tiryək, 5,571 qram heroin, “Metamfetamin” və xəncər aşkar edilərək götürülüb.
Saxlanan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Qeyd edilən faktlarla bağlı cinayət işləri başlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı