Polis əməkdaşları tərəfindən narkotiklərə qarşı qətiyyətli tədbirlər davam etdirilir. Ötən gün bu istiqamətdə keçirilən tədbirlər nəticəsində 4 kiloqrama yaxın yüksək təsiredici xüsusiyyətə malik olan narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanıb. Araşdırmalarla onun Ramana qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əli Həmidov olduğu məlum olub. Baxış zamanı onun üzərindən heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə polis əməkdaşları onda əlavə narkotik olmasını müəyyən ediblər. Əməliyyat-axtarış tədbirləri ilə Ə.Həmidovun yaşadığı evin yaxınlığında kolluqda gizlətdiyi 2 kiloqramdan artıq heroin də aşkar edilərək götürülüb.
Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Qobustan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Arif İsmayılov saxlanıb. Ondan 1 kiloqram 640 qram heroin götürülüb.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanan şəhər sakini, əvvəllər məhkum olunmuş Zöhrab Əzizovdan isə marixuana götürülüb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evinə də baxış keçirilib. Oradan əlavə olaraq 125 qram marixuana, həmçinin lüləsi və qundağı kəsilmiş, nömrəsi silinmiş “İJ-16” markalı tüfəng də aşkar edilərək götürülüb.
Saxlanan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Faktlarla bağlı cinayət işləri başlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı