Yanvarın 7-nə keçən gecə Ağdam rayonunun Quzanlı qəsəbəsində 4 avtobus dayanacağından 16 reklam lövhəsinin sökülərək oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanıb və həmin lövhələrin 3 nəfər tərəfindən “Ford” markalı avtomobillə oğurlandığı məlum olub. Təxirəsalınmaz tədbirlərlə cinayətdə şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Kamran Novruzov, Orxan Fərzəliyev və Samux rayon sakini Musa Musayev polis əməkdaşları tərəfindən müəyyən edilərək Gəncə şəhəri ərazisində saxlanıblar.
Araşdırmalarla Kamran Novruzovun əvvəllər reklam şirkətlərindən birində çalışdığı, bir neçə rayonda həmin reklam lövhələrini quraşdırmaqla məşğul olduğu, lakin 2 il əvvəl işdən çıxarıldığı məlum olub. Onların birlikdə Gədəbəy, Qazax, Ağdaş, Sabirabad, Göyçay və Yevlax rayonları ərazislərində də avtobus dayanacaqlarının hissələrini sökərək oğurladıqları və metal qəbulu məntəqəsinə satdıqları müəyyən edilib.
Polis əməkdaşları tərəfindən 28 ədəd lövhə və onların hissələri maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı