Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Nadirxan Hüseynov Şüvəlan qəsəbəsi ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.
Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə avtomobil qısa zamanda Qala qəsəbəsi ərazisində tapılıb.
Davam etdirilən tədbirlərlə maşını qaçıran şəxs də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanıb.
Araşdırmalarla onun Bakı şəhər sakini Azər Salayev olduğu müəyyən edilib. Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşları tərəfindən Azər Salayevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun digər cinayətlərinin də üstü açılıb. Belə ki, onun 2016-cı ilin oktyabrın 12-də və 24-də daha iki “VAZ-2104” markalı avtomobil qaçırdığı və həmin qanunsuz əməli 2 nəfərlə birgə törətdiyi də müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri ilə Bakı şəhər sakinləri Nicat Ağabəyov və Elşən Babayev müəyyən edilərək saxlanıb.
Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə Yeni Günəşli və Zığ qəsəbələrindən 2 avtomobilin qaçırılması barədə məlumatlar daxil olub.
Araşdırmalarla Yeni Günəşli ərazisindən Bakı şəhər sakini Toğrul Əhmədovun “VAZ-2104”, Zığ qəsəbəsindən isə Mürsəl Quliyevin “VAZ-21074” markalı avtomobilinin qaçırıldığıı müəyyən edilib. Təxirəsalınmaz tədbirlərlə “VAZ-2104” markalı avtomobil qısa zamanda Naximov küçəsində tapılıb.
Əməliyyat-axtarış tədbirləri ilə maşınları qaçırmaqda şübhəli bilinən şəxs də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanıb.
Araşdırmalarla onun Bakı şəhər sakini Amin Ramazanov olduğu müəyyən edilib.
Saxlanan şəxslər istintaqa təhvil verilib.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı