Bu gün Bakı Apelyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin artırılması ilə bağlı Səbail rayon məhkəməsinin çıxardığı qərardan verilən apelyasiya şikayətinə baxılıb.
Trend-in məlumatına görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə A.Çovdarov iştirak etməyib. Prosesdə araşdırılan şikayət təmin edilməyib.
Qeyd edək ki, Səbail rayon məhkəməsinin qərarı ilə bu il fevralın 14-də A.Çovdarov barəsində çıxarılmış həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Qərarla razılaşmayan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib.
Xatırladaq ki, A.Çovdarov 2015-ci il noyabrın 14-də həbs olunub. 2015-ci il noyabrın 15-də Səbail rayon Məhkəməsinin qərarı ilə A.Çovdarov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.