Lerikdə bıçaqlanma hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Veri-Əliabad kəndində qeydə alınıb.
Veri-Əliabad kənd orta məktəbinin direktoru Adil Rəhimov şəxsi münaqişə zəminində qonşusu, 36 yaşlı Seyid Qurbanova çoxlu bıçaq zərbəsi vurub.
Ağır bədən xəsarətləri alan S. Qurbanov Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Ona lazımi tibbi yardım göstərilməsinə baxmayaraq, vəziyyəti ağır qiymətləndirilir.
Sonradan qonşusunu bıçaqlayan məktəb direktoru intihar edib. Adil Rəhimov kənd qəbiristanlığında şəhid qardaşının məzarı üstündə ov tüfəngi ilə özünü güllələyib.
O, aldığı güllə yarasından hadisə yerindəcə keçinib.
Hazırda rayonun hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.