Paytaxtda ölümlə nəticələnmiş yol qəzası ilə bağlı cinayət işi başlayıb. Bu barədə baki-xeber.com-a Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun məlumatında bildirilir.
Fevralın 27-də saat 16:30 radələrində Sumqayıt şəhər sakini Orxan Novruzov idarə etdiyi "Daewoo” markalı, 10 TC 493 dövlət qeydiyyat nişanlı avtobusla paytaxtın Parlament prospektində hərəkətdə olarkən piyadalar - Bakı şəhər sakini, 1980-cı il təvəllüdlü Səadət Hüseynova və onun 2000-ci il təvəllüdlü qızı Nuranə Hüseynovanı vurmuş, nəticədə S.Hüseynova aldığı xəsarətlərdən Kliniki Tibbi Mərkəzdə vəfat etmiş, N.Hüseynovanın müalicəsi isə davam etdirilir.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
Aparılmış istintaqla yol nəqliyyat hadisəsinin O.Novruzov tərəfindən törədilməsinə əsaslı şübhələr olduğundan, o, tutularaq istintaqa cəlb olunub.