Ötən gün Bakıda yol polisinin avtomobilini çəkiclə əzən şəxs barəsində cinayət işi başlanıb.
Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanaraq icraata verilib.
Polisdən həmçinin bildirilib ki, hadisəni törədən Şahin Bəylərov saxlanılarkən onun üzərində narkotik vasitə də aşkarlanıb.
Məlumata görə, Ş. Bəylərov hadisəni törədərkən sərxoş olub və polis avtomobilinə 30 min manatdan çox ziyan vurub. Ş. Bəylərov ilkin ifadəsində törətdiyi hadisəni müxtəlif səbəblərlə izah etməyə çalışıb: "Şahin Bəylərov məsuliyyətdən yayınmaq üçün bir-birinə zidd müxtəlif səbəblər göstərib. Belə ki o, ifadələrindən birində yol polisi əməkdaşının onu təhqir etdiyini, məhz bu səbəbdən də onun avtomobilini əzdiyini deyib. Lakin polis əməkdaşı Şahin Bəylərovu ümumiyyətlə, tanımadığını, onların arasında hər hansı bir söhbətin olmadığını bildirib.”
Qeyd olunub ki, Ş. Bəylərovun psixi durumunda problemlərin olduğu qaçılmazdır. Həkim müayinəsindən sonra bu məsələyə də aydınlıq gətiriləcək.
Daxili İşlər Nazirliyi də yol polisi avtomobilinin vətəndaş tərəfindən əzilməsi barədə məlumat yayıb. Qeyd olunub ki, fevralın 17-də saat 14.00 radələrində Nərimanov rayonunun G. Qədirbəyova küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Bəylərov həmin ərazidə xidmət aparan BMW markalı 99-YP-423 dövlət qeydiyyat nişanlı Yol Patrul Xidməti avtomobilinin alın şüşəsini, yan güzgülərini, mayak sistemini, yük və dam hissəsini, ön və arxa faralarını çəkiclə sındırıb.
Ş. Bəylərov Nərimanov rayon 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və sərxoş halda olması müəyyən edilib. Ondan 302,477 qram heroin götürülüb.