Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin həbsdə olan sabiq rəhbəri Beytulla Hüseynovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Trend-in məlumatına görə, Səbail rayon Məhkəməsinin qərarı ilə B.Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti istintaq hərəkətləri ilə əlaqədar olaraq daha 3 ay artırılıb.
Qeyd edək ki, B.Hüseynov barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 313 (Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə) maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi açılıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri, hazırda həbsdə olan Vidadi Zeynalovun da həbs müddəti yenidən artırılıb. Bu barədə V.Zeynalovun vəkili Muğan Əliyev məlumat verib.
Vəkil bildirib ki, V.Zeynalov barəsində seçilmiş həbs qəti imkan tədbirinin müddəti fevralın 21-də başa çatır. Məhkəmənin qərarı ilə V.Zeynalov barəsində seçilmiş həbs müddəti daha 3 ay artırılıb.
V. Zeynalovla mütəmadi görüşdüyünü deyən vəkil bildirib ki, müvəkkilinin saxlanma şəraiti və səhhətindən heç bir şikayəti yoxdur.
Qeyd edək ki, Səbail rayon Məhkəməsinin qərarı ilə V.Zeynalov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu il yanvarın 21-də həbs müddəti başa çatan sabiq aparat rəhbərinin həbs müddəti fevralın 21-dək artırılmışdı. Məhkəmə istintaq hərəkətləri ilə əlaqədar olaraq V.Zeynalov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha 3 ay artırıb.
V.Zeynalov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.
Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan əməkdaşlarının da həbs müddəti uzadılıb. Vəkil Kamandar Nəsibovun APA-ya verdiyi məlumata görə, Səbail rayon Məhkəməsinin qərarı ilə İlham Mahmudov, Orxan Omsanov, Akif Əliyev və Mehman Abdullayevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.