Ağcabədi rayonunda qətl hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə ötən gecə Ağcabədi şəhərində qeydə alınıb. Rayon sakini olan 1956-cı il təvəllüdlü Əhmədova Kamilə Səfər qızı Üzeyir Hacıbəyov-13 ünvanında qətlə yetirilib.
Qətlə yetirilən qadın tibb bacısı olub. O, evdə tək yaşayıb. Ağcabədi Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsində tibb bacısı olan qadının övladlarının Bakıda yaşadığı bildirilir.
Məlumata görə, onun polis əməkdaşı olan həyat yoldaşı bir il öncə yol qəzasında ölüb.
Qadının meyiti qonşuları tərəfindən aşkarlanıb. Mərhum Kamilə Əhmədovanın qardaşı Kamil Mehrəliyev APA-nın Qarabağ bürosuna bildirib ki, bacısının Bakıda yaşayan övladları anaları telefon zənglərinə cavab vermədiyindən qonşulara zəng edərək nigaran qaldıqlarını deyiblər: "Evə gələn qonşular qapını açıq, bacımın meyitinin dəhlizdə olduğunu görüblər. Ev qan içində olub. Bacım heç çəkmələrini də soyunmayıbmış”.
Yaxınları mərhum K. Əhmədovanın evə daxil olarkən qatil və ya qatillərlə qarşılaşdığını, onun ütü ilə başından vurularaq öldürüldüyünü ehtimal edirlər. Onlar qətlin oğurluq, qarət məqsədi ilə törədildiyini düşünmürlər. Məlumata görə, mərhumun qızılları üstündə olub.
O da bildirilib ki, K. Əhmədovanın qızı və oğlu Bakıda yaşadığı üçün o evdə tək yaşayırmış. K. Əhmədovanın evində Ağcabədidə ali məktəbdə təhsil alan tələbə qızlar kirayədə qalır. Hazırda qış tətili olduğu üçün tələbələr evdə olmayıblar.