Gəncə Apellyasiya Məhkəməsində Mədəniyyət Nazirliyinin Şəmkir Regional Mədəniyyət İdarəsinin rüşvətalmada təqsirləndirilən sabiq rəisi Azər Rəcəbov, həmin idarənin İnsan resursları şöbəsinin rəisi Ələkbər Əliyev və məsləhətçisi Seymur Səfərovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti və apellyasiya protesti qismən təmin olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Belə ki, Azər Rəcəbovun 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 10 ilə və Ələkbər Əliyev isə 3 il 6 ay cəzası 3 il 3 aya endirilib. Barəsində şərti cəza verilmiş Seymur Səfərov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə iclas zalında dərhal həbs olunub.
İttihama görə, Azər Rəcəbov digərləri ilə əlbir olaraq ümumilikdə 125 min manat dələduzluq və rüşvət alıb. Həmin şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıblar.
Mətləb