Xalid Kərimli: “Vergi yığımlarının azalması iqtisadi aktivliyin aşağı düşməsi ilə əlaqədardır”
Cari ilin yanvar-aprel ayları ərzində dövlət büdcəsinin gəlirləri 13 milyard 564 milyon manat, xərcləri isə 10 milyard 531 milyon manat təşkil edib. Maliyyə Nazirliyinin məlumatına əsasən, büdcə profisiti 3 milyard manat olsa da, əslində bu artıqlığın yaranmasına təkan verən amillərdən biri xərclərin tam icra olunmamasıdır.
İlin ilk 4 ayının nəticələrinə görə, proqnozlaşdırılan xərclərin 96,3 faizi icra edilib. Ümumilikdə, 2026-cı ilin ilk 4 ayı ərzində dövlət büdcəsinin gəlirləri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz və ya 400,9 milyon manat azalıb. Maliyyə Nazirliyi dövlət büdcəsinin gəlirlərində vergi daxilolmalarının payının 6,8 milyard manat təşkil etdiyini göstərir. Ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 1 faizlik azalma qeydə alınıb.
Həm gəlirlər azalıb, həm də vergi daxilolmaları. Azalmanın səbəbi nədən qaynaqlanır?
Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı Xalid Kərimli baki-xeber.com-a açıqlamasında azalmanı ümumən iqtisadi aktivliyin aşağı düşməsi ilə əlaqələndirdi: “Müxtəlif səbəblərdən büdcə xərcləri tam icra olunmayıb. Bu da büdcədə profisitin yaranmasına səbəb olub. Yəni büdcə xərcləri tam icra edilsə, o zaman profisitin olması o qədər də real görünməyəcəkdi. Həm onu da nəzərə almaq lazımdır ki, gəlirlərlə bağlı proqnozlar özünü doğrultmur. Digər tərəfdən ölkə büdcəsi kəsrli proqnozlaşdırılıb. Yəni əvvəlcədən xərclərin gəlirlərdən çox olacağı proqnozlaşdırılıb. 2026-cı il dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri 41 milyard 703 milyon 600 min manatdır. Xərclər ölkənin müdafiə qabiliyyətinə, iqtisadi təminatına, əhalinin sosial müdafiəsinə, əməkhaqqının yaxşılaşdırılmasına, pensiyaların, müavinətlərin, təqaüdlərin və dövlət proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək. 3 milyard 94 milyon 600 min manat kəsir olacaq və o Neft Fondundan edilən transferlər hesabına bağlanacaq. Ancaq biz görürük ki, vergi yığımları azalıb. Vergi yığımlarının azalması iqtisadi aktivliyin aşağı düşməsi ilə əlaqədardır. Statistik rəqəmlər göstərir ki, bu ilin birinci rübündə iqtisadi geriləmə qeydə alınıb. Düzdür, ikinci rübdə geriləmə aradan qalxdı, amma iqtisadi artım cüzidir. Görünən odur ki, ölkədə iqtisadi artım zəifləyib. İdxalın həcmində də azalma var. İqtisadi aktivlikdə də zəifləmə var. Belə olan halda vergiləri toplamaq zəifləyir. Gərək iqtisadi fəallıq artsın ki, sözügedən məsələlər öz həllini tapsın”.
Vidadi ORDAHALLI