Vüqar Bayramov: “Bu, arzuolunan olmadığı üçün bununla bağlı yeni tənzimləmələrin tətbiq edilməsinə ehtiyac var”
Azərbaycanda problemli kreditlərin artımı sürətlənib. Təkcə bir ay ərzində 10 faizdən çox artım qeydə alınıb. Bu il aprelin 1-nə ölkə banklarında vaxtı keçmiş kreditlərin məbləği 619.6 milyon manat təşkil edib. Mərkəzi Bankın məlumatına görə, bu, martın 1-i ilə müqayisədə 10.25 faiz çoxdur. Ölkədə vaxtı keçmiş kreditlərin məbləği ilin əvvəlindən bəri 18.1 faiz, son bir ildə isə 28.65 faiz artıb.
Qəribə olanı həm də odur ki, hazırda qanunvericilikdə bank borclarını vaxtında ödəməyənlərə qarşı tədbirlərin sərtləşdirilməsi fonunda problemli kreditlər artır.
Maraqlıdır, özəl banklarda problemli kreditlərin artmasının ümumən dövlətə hansısa ziyanları varmı? Varsa, o zaman dövlət niyə bu artıma görə banklarla bağlı hansısa addımlar atmır?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən millət vəkili Vüqar Bayramovun fikrincə, son dövrlər Azərbaycanda kredit portfeli genişlənir: “Eyni zamanda ölkədə problemli kreditlərin həcmində də artımlar müşahidə edilir. Təbii ki, problemli kreditlərin həcminin artması heç bir halda arzuolunan deyil. Çünki bu, nəticə etibarı ilə bank sektoru üçün yeni çağırışlar formalaşdırır. Problemli kreditlərin həcminin artmasının fərqli səbəbləri var. Xüsusən ödəmə qabiliyyətini yoxlamadan kreditlərin təqdim edilməsi və bir sıra hallarda plastik kartlar üçün yüksək kredit xətlərinin açılması nəticə etibarı ilə vətəndaşların ödəmə qabiliyyətinə təsir göstərir. Bu da təbii ki, problemli kreditlərin həcminə təsir göstərən faktorlardan biridir. Mərkəzi Bank tərəfindən xüsusən plastik kartlar üzrə kredit limitlərində tənzimləmələr artıq tətbiq olunur. Xüsusən də rəsmi gəlirin 5 mislindən çox limitlərin açılması artıq qadağan edilib. Ancaq bununla yanaşı, təbii ki, bu istiqamətdə nəzarət tədbirlərinin daha da gücləndirilməsinə ehtiyac var. Baxmayaraq ki, problemli kreditlərin həcmi indiki halda riskli həddə deyil. Yəni kredit portfelində faiz riskli həddə deyil. Ancaq buna rəğmən, problemli kreditlərin artımasının sürətlənməsi tendensiyası arzuedilən deyil. Bu, arzuolunan olmadığı üçün bununla bağlı yeni tənzimləmələrin tətbiq edilməsinə ehtiyac var. Ona görə ki, problemli kreditlərin həcmindəki artım dinamikasını dayandırmaq mümkün olsun. Əks təqdirdə problem daha da dərinləşə bilər”.
Vidadi ORDAHALLI