İlham Şaban: “Şimali Makedoniya üçüncü ölkə üzərindən Azərbaycan qazını alır”
“Şimali Makedoniya 2026-cı ilin əvvəlindən bəri bu, Rusiya qazından iki dəfə baha olmasına baxmayaraq, müntəzəm olaraq Azərbaycan qazı alır”. Bunu Rusiyanın Şimali Makedoniyadakı yeni səfiri Dmitri Zıkov TASS-a ilk müsahibəsində bildirib.
“2024-cü ilin noyabr ayında Azərbaycanın dövlət neft şirkəti SOCAR və Makedoniyanın dövlət enerji şirkəti ESM uzunmüddətli təbii qaz tədarükünü təmin edən enerji sektorunda əməkdaşlığı genişləndirmək üçün anlaşma memorandumu imzalayıblar. 2026-cı ilin əvvəlindən bəri Azərbaycan qazı Makedoniya bazarında müntəzəm olaraq var. Bu ilin ilk iki ayında onun fiziki tədarükdəki payı 32%, Rusiyanın payı isə 28% təşkil edib. Bundan əlavə, Azərbaycan qazı Rusiya qazının qiymətindən təxminən iki dəfə baha qiymətə alınır”, - deyə o bildirib.
Ümumiyyətlə, Rusiya səfirinin qazın qiyməti ilə bağlı bu müqayisəsinin əsası varmı? Axı Putin aprelin 1-də Paşinyanla görüşündə dedi ki, Avropada qazın 1000 kubmetri 600 dollardır. O zaman necə ola bilər ki, Rusiya Azərbaycandan 2 dəfə ucuz Şimali Makedoniyaya qaz təklif etsin?
Sözügedən məsələyə aydınlıq gətirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban baki-xeber.com-a açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Dövlət Statistika Komitəsinin xarici ticarətin vəziyyətinə dair açıqlanan statistikasından çıxış etsək görərik ki, hələlik cari ilin iki ayının məlumatları açıqlanıb. Həmin məlumatlara görə, Azərbaycan Avropada 4 ölkəyə qaz ixrac edib. Bunlar Yunanıstan, Bolqarıstan, İtaliya və Serbiyadır. Ümumilikdə isə, Azərbaycan 6 ölkəyə birbaşa Azərbaycan sərhədlərini keçməklə ixrac olunan qaz həcmlərini qeydə alıb. Suriyaya, İran İslam Respublikasına, bir sözlə, 8 ölkəyə ölkəmizin qaz ixracı qeydə alınıb. Bunlardan 4-ü Avropa ölkəsi olub. Şimali Makedoniyaya Azərbaycan qazı gəlirsə, deməli, Dövlət Neft Şirkətinin ticarət qurumu “SOCAR Trading” vasitəsi ilə gəlir. Bu da üçüncü ölkədən gəlir. Yəni bu, birbaşa Azərbaycan qazı deyil. Onun qiyməti bahadır, yoxsa ucuzdur. Bu məsələlərdə nəzərə almaq lazımdır ki, Şimali Makedoniya digər ölkə üzərindən qaz alır. Bu isə qiymətin fərqli olması anlamına gəlir. Demək Şimali Makedoniyanın Rusiya ilə münasibətlərindən doğaraq o bunu alır. O üzdən bunu bu cür interpritasiya, qəbul etmək lazımdır”.
Vidadi ORDAHALLI