2026-cı ilin birinci rübündə Azərbaycandakı mehmanxana və mehmanxana tipli obyektlərdə gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3.5 faiz azalaraq 838.2 min təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
DSK-nın daha əvvəl açıqladığı statistikaya əsasən, hesabat dövründə Azərbaycana dünyanın 172 ölkəsindən 484.4 min xarici gəlib ki, bu da illik müqayisədə 4.7 faiz azalma deməkdir. Ekspertlər qeyd edir ki, turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sahədir. Bu səbəbdən turizmin inkişaf etdirilməsi və ölkəyə gələn turistlərin sayının artırılması prioritet məsələlərdəndir. Pandemiyadan sonrakı dövrdə ölkəyə gələn turistlərin sayında artımlar müşahidə olundu. Lakin 2025-ci ildə bəzi ölkələrdən, xüsusilə Rusiya və Hindistandan gələn turistlərin sayında azalma qeydə alınır. Bunun obyektiv səbəbləri var. Səbəblər bəzən iki ölkə arasındakı münasibətlər, xidmət keyfiyyəti və qiymətlərlə bağlıdır. Təbii ki, turizm sektorunda xidmətin artırılması və qiymətlərin optimallaşdırılması çox vacibdir. Çünki xidmət keyfiyyətinin artırılması daha çox turistlərin cəlb edilməsinə imkan yarada bilər. Digər tərəfdən quru sərhədlərinin bağlı qalması da məsələyə birbaşa təsir edir.
Azərbaycan həm qonaqlama, həm də qidalanma baxımından regionda turistlər üçün kifayət qədər əlverişli ölkə hesab olunur. Lakin ölkəyə gəlmək hazırda nisbətən baha başa gəlir. Nəzərə alsaq ki, quru sərhədlər hələ də bağlıdır, turistlər yalnız hava nəqliyyatından istifadə edə bilirlər. Uçuş biletlərinin qiymətləri isə hər zaman sərfəli və əlçatan olmur. Bu da turistlərin seçimlərinə birbaşa təsir göstərir. Xaricə səfərlərin bahalaşması daxili turizmin inkişafına təkan verib. Buna baxmayaraq, xaricilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 1.8 faiz artaraq 493.6 minə çatıb. Bu göstərici ümumi gecələmələrin 58.9 faizini təşkil edir. Qonaq sayındakı azalmaya rəğmən, mehmanxanaların maliyyə göstəricilərində artım müşahidə olunub. Belə ki, 2026-cı ilin yanvar-mart aylarında bu obyektlərin gəlirləri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2.9 faiz artaraq 128.7 milyon manata yüksəlib. Rəsmi qurumlar hələlik bu statistik rəqəmləri şərh etməsələr də, ekspertlər ölkədəki hotel xidmətlərinin qonşu dövlətlərlə müqayisədə baha olduğunu bildirirlər.
Ramil QULİYEV