Prezidentin yanvarın 5-də səsləndirdiyi mövqe göstərir ki, Azərbaycan indiyədək üstünlük verdiyi borcsuz fiskal siyasətdən qismən imtina edərək, xarici borclanmaya daha praqmatik yanaşmağa başlayır. Burada məqsəd cari büdcə çatışmazlıqlarını bağlamaq deyil, əsasən uzunmüddətli iqtisadi və sosial effekt verə biləcək infrastruktur layihələrini maliyyələşdirməkdir. Təhsil, sosial müdafiə, hərbi sahə və Qarabağın bərpası kimi strateji istiqamətlərdə xərclərin azaldılmaması dövlətin sosial sabitliyi və insan kapitalını prioritet saydığını göstərir, borclanmanın isə su sistemi, kanalizasiya və digər kommunal infrastruktura yönəldilməsi daha çox struktur problemlərin həllinə hesablanıb.
Bu tip layihələr birbaşa gəlir gətirməsə də, regionların inkişafını sürətləndirir, əhalinin həyat keyfiyyətini yüksəldir, sağlamlıq və ekoloji riskləri azaldır. Nəticədə iqtisadiyyatın ümumi səmərəliliyini artırır. Orta və uzun müddətdə bu, qeyri-neft sektorunun inkişafına və məhsuldarlığın artmasına zəmin yarada bilər. Paralel olaraq, Avropa İttifaqının kreditləri hesabına qaz hasilatının və ixrac boru kəmərlərinin ötürücülük gücünün artırılması Azərbaycanın enerji ixracından əldə etdiyi valyuta gəlirlərini genişləndirə və borcun qaytarılması üçün əlavə maliyyə imkanları yarada bilər.
Digər tərəfdən, xarici borcun artması gələcək öhdəliklərin yüksəlməsi deməkdir və bu, xüsusilə neft-qaz gəlirlərinin dəyişkən olduğu şəraitdə daha ehtiyatlı fiskal idarəetmə tələb edir. Əsas risk borclanmanın özündə deyil, alınan vəsaitlərin səmərəsiz xərclənməsi və iqtisadi dəyər yaratmayan layihələrə yönəldilməsidir. Ümumilikdə, prezidentin göstərdiyi istiqamətdə xarici borclanmaya getmək qısa müddətdə dövlətin investisiya imkanlarını genişləndirə, uzun müddətdə isə düzgün seçilmiş və şəffaf idarə olunan layihələr hesabına iqtisadi artımı və dayanıqlılığı gücləndirə bilər.
Dəniz NƏSİRLİ