Siyasi heyəti və biznes nümayəndələrinin də daxil olduğu böyük bir nümayəndə heyəti ilə Pekinə səfər edən ABŞ Prezidenti Donald Tramp, çinli həmkarı Si Cinpin tərəfindən rəsmi mərasimdə qarşılanıb.
Prezident Tramp üçün Çin parlamentinin yerləşdiyi Tiananmen Meydanında dövlət mərasimi keçirilib. Mərasimdən sonra Tramp və Si ikitərəfli və nümayəndə heyəti səviyyəsində danışıqlar aparmaq üçün Xalqın Böyük Zalında görüşüblər.
İlk açıqlamasında Prezident Tramp Cinpini əla lider adlandırıb. Tramp amerikalı iş adamlarının Çinlə ticarət etməyini və biznes qurmağı səbirsizliklə gözlədiklərini bildirib. “Bunun bəlkə də indiyə qədər ən böyük zirvə görüşü olduğunu deyənlər var. Sizin dostunuz olmaq şərəfdir. Çin və ABŞ arasında münasibətlər hər zamankından daha yaxşı olacaq”, - deyə Tramp əlavə edib.
Si Cinpin qeyd edib ki, Çin və ABŞ zamanın suallarına birgə cavab verməlidirlər.
“Çinin və ABŞ-nin ortaq maraqları fikir ayrılıqlarından daha çoxdur”, - deyən Çin lideri əlavə edib ki, tərəflərin birinin uğuru digəri üçün fürsətdir, sabit ikitərəfli münasibətlər isə dünya üçün yaxşıdır.
Çinin və ABŞ-nin rəqib deyil, tərəfdaş olmalı olduğunu qeyd edən Si Cinpin deyib ki, iki ölkə bir-birinə uğur qazanmaqda və inkişafda kömək etməli, eləcə də yeni dövrdə bir-biri ilə yaxşı yola getməsi üçün düzgün istiqamət tapmalıdır.
Bütün dünya tərəfindən yaxından izlənilən və tarixi sammit təxminən iki saat davam edib.
TAHİR