Türkiyənin Azərbaycanla 15 illik yeni qaz sazişi bir neçə halda risq altına düşə bilər.
İlk növbədə Cənubi Qafqazda və ya regiondan keçən tranzit ölkələrdə (Gürcüstan) siyasi sabitliyin pozulması Bakı-Tbilisi-Ərzurum kəmərinin təhlükəsizliyinə təhdid yarada bilər.
Bununla yanaşı, Abşeron yatağında hasilatın planlaşdırılandan az olması və ya texniki gecikmələr tədarük həcmlərinə təsir göstərə bilər.
Eyni zamanda, qlobal qaz bazarında qiymətlərin kəskin dəyişməsi tərəflərdən birinin müqavilə şərtlərini yenidən nəzərdən keçirmək istəyi ilə nəticələnə bilər.
Digər tərəfdən, Türkiyənin bərpa olunan enerji və LNG mənbələrini sürətlə artırması uzunmüddətli qaz asılılığını azaltmaq risqi yarada bilər.
Türkiyənin Qara dənizdə kəşf etdiyi yataqlara gəldikdə isə, həmin yataqların təsdiqlənən qaz ehtiyatı ölkənin tələbatından çox kiçikdir.
Qısaca, saziş əsasən geosiyasi sabitlik, davamlı hasilat və bazar balansı qorunduğu müddətdə təhlükəsiz sayılır. Amma bu cür uzunmüddətli sazişlərin reallaşması Azərbaycanın xeyrinədir. Çünki dünyada "yaşıl enerji" istehsalı sürətlə inkişaf edir. Bunun fonunda 10-15 ildən sonra dünyanın qaza tələbatı kəskin azala bilər. Belə olan halda, uzunmüddətli müqavilələr bağlayan tərəfdaşlar öhdəliklərini icra etmək məcburiyyətində qalacaq. Analoji müqavilələr Avropa ölkələri ilə də bağlanmalıdır.
Akif NƏSİRLİ