Kamran Məmmədli: “Aqrar sahədə çalışan sahibkarlar kredit almaqda çətinlik yaşayır, bunun əsas səbəbi girov təminatı ilə bağlıdır”
Hələ də fermerlər öz təsərrüfatlarını yaratmaq və inkişaf etdirmək üçün banklardan kredit almaqda çətinlik çəkirlər. Banklar digər sahələrlə müqayisədə, kənd təsərrüfatı ilə məşğul olan fermerlərə kredit verməkdə maraqlı deyil. Bunu açıqlanan statistik rəqəmlər də təsdiq edir. Ümumiyyətlə, banklar istehlak kreditlərini regionlarda adətən müəllim, həkim kimi sahələrdə çalışan şəxslərə verirlər.
Maraqlıdır, banklar niyə kənd təsərrüfatına maliyyə ayırmağa risq etmir? Problemin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?
“Aqrar sahədə risqlər çoxdur, bu da bəzi hallarda kommersiya banklarını kredit ayırmalarından yayındırır və bu sahəyə ehtiyatla yanaşmalarına səbəb olur”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, aqrar sahədə çalışan sahibkarlar kredit almaqda çətinlik yaşayır: “Bunun əsas səbəbi girov təminatı ilə bağlıdır. Bəzi kommersiya bankları ya onların girov təminatlarını düzgün quymətləndirmir, ya aşağı qiymət qoyur, ya da heç qəbul etmirlər. Çünki bəzi fermerlərə məxsus kənd təsərrüfatı əhəmiyyətli tikililərin, avadanlıqların və ya daşınmaz əmlakların sənədlərində problemlər var. İkinci məsələ odur ki, aqrar sahədə risqlər çoxdur. Bu da bəzi hallarda kommersiya banklarını kredit ayırmalarından yayındırır və bu sahəyə ehtiyatla yanaşmalarına səbəb olur. Həmçinin, regionlarda faktiki olaraq iqtisadi inkişaf yoxdur. Bütün pullar, şirkətlər, gəliri olan adamlar Bakıdadır. Bank krediti ona görə verir ki, orada bir fəaliyyət göstərsin, gəlir gətirsin. Əgər orada fəaliyyət yoxdursa, bank kimə kredit versin? Hətta verdiyi kreditin geri qayıtma ehtimalı daha aşağıdır. Çünki regionlarda kimsə iş görmək istəyirsə belə, bu hər zaman alınmır”.
Ekspert hesab edir ki, dövlət bu sahəyə daha çox diqqət ayırmalıdır. Bu sahəyə ayrılan kreditlərin uzun müddətliliyi təmin olunmalıdır: “Məlumdur ki, bölgələrdə yaşayanlar ailəsini kənd təsərrüfatı ilə məşğul olmaqla dolandırır. Biz rayonlarda yaşayıb kənd təsərrüfatı ilə məşğul olan əhalinin güzəştli kreditlərə çıxış imkanlarını genişləndirsək, o zaman bu vəziyyət dəyişər və regionların payı artar”.
Günel CƏLİLOVA