Pərviz Heydərov: “Qiymətlərin hansı səviyyəyə qədər qalxacağı dünya bazarındakı gedişatdan asılıdır”
Son zamanlar qızıl bazarında qiymət artımı müşahidə olunur. Qiymət artımı həm alıcıların, həm də satıcıların diqqətindədir. Hazırda Azərbaycanın zərgərlik bazarında qızılın bir qramı 150–190 manat arasında dəyişir.
Bu isə ötən aylarla müqayisədə ciddi bahalaşma deməkdir. İddia olunur ki, yaxın müddət ərzində qızılın qiyməti 200 manata qədər yüksələcək. Maraqlıdır, qızılın bir qramı 200 manata çata bilərmi?
“Qızıl bazarında müşahidə edilən qiymət artımı gələn il bu formada davam etsə, o zaman qızılın qramı 200 manat və ya bu rəqəmin üstündə olacaq”
Iqtisadçı Pərviz Heydərov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, dünya bazarında qızılın qiymətinin qalxması uzun müddətdir davam edir: “Bu hal Azərbaycanın zərgərlik bazarına da təsir edir. Qiymətlərin hansı səviyyəyə qədər qalxacağı dünya bazarındakı gedişatdan asılıdır. Son illər ərzində, xüsusən də ötən ildən başlayaraq dünyanın maliyyə bazarlarında vəziyyət qeyri-müəyyəndir. Ona görə də, inverstorlar öz vəsaitlərini qiymətli metallara yatırmağa daha çox üstünlük verirlər. Bu da qızılın qiymətinin artması ilə nəticələnib. Məlumdur ki, ölkəmizdə qızıl hasil olunur və biz həm də dünya bazarlarında qızıl ixracatçısı kimi tanınırıq. Məlumat üçün deyim ki, zərgərlik məhsullarının əksəriyyəti ölkəmizə idxal olunur”.
Həmsöhbətimiz hesab edir ki, qızıl bazarında müşahidə edilən qiymət artımı gələn il bu formada davam etsə, o zaman qızılın qramı 200 manat və ya bu rəqəmin üstündə olacaq: “Hazırda 150-190 manat təşkil edir. Ancaq gələn il qızılın qiyməti bundan da yüksək ola bilər”.
Iqtisadçının dediyinə görə, qızıl qiymətli metal kimi qlobal iqtisadiyyatda daim real vəziyyət göstəricisi sayılıb və sayılır: “Qızılın qiyməti nə vaxt ucuz xarakter daşıyıbsa, bu, investorların sərbəst fəaliyyət göstərdiklərindən və ortada onları çəkindirəcək heç bir amilin mövcud olmadığından, əksinə, olduqda isə qlobal məkanda yatırım və biznes üçün əlverişsiz vəziyyətin hökm sürməsindən xəbər verib”.
Günel CƏLİLOVA