Eldəniz Əmirov: “Risqlərin idarə edilməsi baxımından investiya gəlirinin daha da optimallaşdırılması üçün qızıl idxalı artıb”
Azərbaycan xaricdən qızıl idxalını kəskin şəkildə artırıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycan bu ilin birinci rübündə 1,7 milyard dollar dəyərində qiymətli metallar idxal edib.
Ölkənin qiymətli metal idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 132 dəfə çoxdur. Hesabat dövründə qiymətli metal idxalı Azərbaycanın ümumi idxalının 30,2%-ni təşkil edib.
Qızıla tələbatın bu qədər artmasına səbəb nədir?
“Hazırda investisiya siyasətində əsas məqam qızıl faktorunun rolunun artmasıdır”
İqtisadçı ekspert Eldəniz Əmirov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, qızıl idxalının kəskin artmasının müəyyən səbəbləri var. Ümumu istehlakçı sayı onlarla, yüzlərlə olduğu halda idxal bu qədər artmamalı idi: “Bir və ya iki alıcı müəyyən məqsədlərlə kəskin qızıl idxal edir. Onu da deyim ki, bir müddət öncə Dövlət Neft Fondu da bu məsələyə toxunmuşdu. Qeyd edilmişdi ki, 2024-cu ildə 45 tona yaxın qızıl alıb, onun 41 tonunu ölkəyə gətirib. 2025-ci ildə əlavə 23,4 ton qızıl alışı gözlənilir. Bu səbəbdən qızıl idxalında artım müşahidə olunur”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, yerli qızıl idxalçılarının sayı artanda və ya ölkədə qızıl emalı ilə bağlı hansısa müəssisə yarananda bu kütləvi baş verir. Ancaq bu qədər böyük tonlarla olmur: “Tonlarla olanda bu hal investiya və ya böyük maliyyə fondlarının fəaliyyətinin nəticəsi olur. Azərbaycanda valyuta ehtiyatına malik olan Mərkəzi Bank və Dövlət Neft Fondunun davranışı qızıl idxalında, ixracında önəmli rol oynaya bilər. Hazırda investisiya siyasətində əsas məqam qızıl faktorunun rolunun artmasıdır. Yəni risqlərin idarə edilməsi baxımından investisiya gəlirinin daha da optimallaşdırılması üçün qızıl idxalı artıb”.
Ekspert hesab edir ki, qlobal iqtisadiyyatın gələcəyi ilə bağlı qaranlıq məqamlar olduğu zaman ayrı-ayrı özəl investiya fondları, təsərrüfat subyektləri və digər investorlar qızıla üz tutur. Dövlət Neft Fondunun qərarı da bu siyahıdadır.
Günel CƏLİLOVA