Fuad İbrahimov: “Fikrimcə, burda bizim mütəxəssislərin də mütləq şəkildə iştirakı mümkün olacaq, yaxud da mümkündür, sadəcə olaraq bununla bağlı hər hansı bir məlumat yoxdur”
Türkiyənin Şırnak vilayətində yerləşən Qabar dağı indi ölkənin neft mərkəzinə çevrilib.
Türkiyədə Qabar dağında artıq iki ildən çoxdur ki, neft çıxarılır. Azərbaycan tarixi neft ölkəsidir, böyük təcrübəsi var. Türkiyədə neftin hasilat məsələsində hələ Azərbaycanla əməkdaşlıq görsənmir, yoxdur.
Bu qəribə bir məsələdir, bunu necə başa düşmək olar?
Yəni iki ildən çoxdur ki, Qabar dağında Türkiyə neft çıxarır. Bu sahədə Azərbaycanla əməkdaşlıq niyə açılmır?
“Müəyyən səviyyəyə qədər əməkdaşlıqlar var”
İqtisadçı ekspert Fuad İbrahimov “Bakı-Xəbər”ə bildirdi ki, Türkiyə ilə Azərbaycanın neftlə bağlı əməkdaşlığı sahəsində kifayət qədər birgə müəssisələr var və işlər də gedir: “Orda işlər gedir. Biz detallı şəkildə əməkdaşlığın olub-olmamasını bilmirik. Hesab edirəm ki, müəyyən səviyyəyə qədər əməkdaşlıqlar var. Əsas əməkdaşlıqlar əsaslı şəkildə hasilat zamanı və yaxud artıq onun iqtisadi dövriyyəyə cəlb olunması prosesində baş verə bilir. Belə olduğu halda bizim Türkiyə ilə əsas əməkdaşlıqlarımızdan biri də Bakı-Tiflis-Ceyhan neft kəməridir. Türkiyə tranzit zolağında bir məkan olduğu üçün biz əməkdaşlığımızı bu istiqamətdə etmişik. Digər halda bizim kifayət qədər təcrübəli texniki mühəndis heyətlərimiz var. Fikrimcə, burda bizim mütəxəssislərin də mütləq şəkildə iştirakı mümkün olacaq, yaxud da mümkündür, sadəcə olaraq bununla bağlı hər hansı bir məlumat yoxdur.
Bu elə bir ciddi ziddiyyətli məlumat kimi gündəmə gəlməməlidir ki, Türkiyə Azərbaycan mütəxəssislərindən, yaxud karbohidrogen ehtiyatlarının hasilatı üzrə təcrübəsindən istifadə etmir. Xeyr, bu belə deyil. Yəqin ki, müəyyən bir dövrdən sonra müəyyən açıqlamalardan bəlli olacaq ki, bizim kifayət qədər mütəxəssislərimiz, eyni zamanda investisiya yatırımı, kapital qoyuluşu baxımından iştirakımız hardasa mövcuddur. Sadəcə konkert zaman və məkan çərçivəsində onu izləməyə vaxt tələb olunur”-deyə F.İbrahimov qeyd etdi.
Əli TURABOV