Prezident İlham Əliyev “Ağdam Sənaye Parkının yaradılması haqqında” Fərman imzalayıb. Fərmanda bildirilir ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin milli iqtisadiyyata sürətli inteqrasiyasının təmini, dayanıqlı inkişafı, eləcə də layiqli yaşayış şəraitinə nail olunması üçün genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir.
Fərmanda müəyyən edilib ki, Ağdam Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.
“Ağdamın bərpası ilə yanaşı, həmin ərazidə aqrar sektorun inkişafına da diqqət yetiriləcək”
Prezident İlham Əliyevin “Ağdam Sənaye Parkının yaradılması haqqında” Fərmanının Ağdamın sənayə şəhərinə çevrilməsi baxımından əhəmiyyəti barədə danışan “Ekonomiks” Beynəlxalq İctimai Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Ağdam aqrar iqtisadi rayondur: “İşğaldan azad olunmuş rayonda sənaye parkının yaradılması təqdirəlayiqdir. Hesab edirəm ki, işğaldan azad olunmuş digər bölgələrdə də analoji parklar açılacaq. Həmin bölgələrin hərtərəfli inkişafı dövlətin əsas missiyalarından biridir. Ağdamın bərpası ilə yanaşı, həmin ərazidə aqrar sektorun inkişafına da diqqət yetiriləcək. Bu parkın fəaliyyətə başlaması ilə 1 ildən sonra daha çox məhsul götürülməsinin şahidi olacağıq”.
Günel CƏLİLOVA