Mərkəzi Bankın yaydığı məlumata görə, bu il aprelin 1-nə Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 2,8 faiz azalaraq 8 milyard 147,5 milyon manat təşkil edib. Ancaq xarici valyuta ilə qoyulan əmanətlərin həcmi manatla müqayisədə artıb. Belə ki, xarici valyuta ilə yerləşdirilən əmanətlərin həcmi 50,3 faizdir.
Qeyd edək ki, son aylar əmanət qoyuluşunda azalma müşahidə olunur. Bu hal xüsusilə milli valyutada hiss olunur. Maraqlıdır, milli valyuta ilə yerləşdirilən əmanətlərin həcminin azalması manata inamın azalması ilə bağlıdır?
“…milli valyutaya etimad hələlik tam bərpa olunmayıb”
Mövzu ilə bağlı fikir bildirən bank sahəsi üzrə ekspert Əkrəm Həsənov qeyd etdi ki, əmanətlərin çox hissəsini dolların təşkil etməsi gözlənilən idi: “Çünki milli valyutaya etimad hələlik tam bərpa olunmayıb. Hər bir halda “Əmanətlərin tam sığortalanması haqqında” Qanuna edilən dəyişikliklərə əsasən, bu ilin 5 aprel tarixinədək bütün qorunan əmanətlərin tam şəkildə sığortalanması təmin olunub. Belə ki, hər bir vətəndaşın 100 min manatadək əmanəti qorunur. Bu baxımdan hesab edirəm yaxın aylarda əmanət qoyuluşuna maraq artacaq”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, mart ayı ərzində əmanətlərin həcmi azalıb. Bunun səbəbi isə həmin ayda əhalinin xərclərinin çox olmasıdır: “Aprelin 1-nə banklara əmanət qoyuluşu isə 8 147,5 milyon manat təşkil edib. Bu göstərici martın 1-i ilə müqayisədə 2,8 faiz azdır. May ayında isə nisbətən artım müşahidə olunub”.
Günel CƏLİLOVA