Bank sektoru üçün ciddi təhdid mənbəyi hesab edilən problemli kreditlərlə bağlı vəziyyət yenidən kəskinləşir. Bu il aprelin 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 918.2 milyon manat təşkil edib. Mərkəzi Bankdan verilən məlumata görə, bu da son bir ayda 0.1 faiz artım deməkdir. Bu göstərici ilin əvvəlindən 2.8 faiz artıb. Buna səbəb kimi milli valyutada olan uzunmüddətli vaxtı keçmiş kreditlərin 0.94 faiz artmaqla 575.7 milyon manata yüksəlməsi göstərilir.
Banklar problemli kreditlərin geri qaytarılması üçün yenə də köhnə qaydalarından əl çəkmirlər. Belə ki, banklar ödənilməyən kreditlərin geri qaytarılması üçün yenə kollektor şirkətləri ilə əlaqə saxlayırlar.
Problemli borclarını geri qaytarmaq üçün Azərbaycan bankları hələ də kollektor şirkətləri ilə müqavilələr imzalayırlar. Halbuki, bu fəaliyyət qanun pozuntusudur.
“...onların işində müxtəlif dələduzluq elementlərinə də rast gəlinir”
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirdi ki, “Banklar haqqında” Qanunun tələblərinə görə, bank sirrinin üçüncü şəxsə ötürülməsi qadağandır. Yəni banklar kollektor şirkətləri ilə müqavilə bağlayaraq, borclular haqqında məlumatları onlara ötürə bilməzlər. Bu səbəbdən, banklar öz əməkdaşlarının vasitəsilə həmin problemi həll etməyə can atırlar: “Azərbaycanda problemli kreditlər məsələsinin həlli ilə bağlı Prezident fərmanından və “Banklar haqqında” Qanuna edilən dəyişikliklərdən sonra bir sıra kollektor şirkətləri fəaliyyətlərini dayandırıblar. Lakin ölkənin ən böyük kollektor agentliyi sayılan BOA hələ də işləyir. Kollektorların fəaliyyəti bilavasitə qanunun pozulması ilə bağlı olduğundan, onların işində müxtəlif dələduzluq elementlərinə də rast gəlinir. Məsələn, zəng edərək, özlərini uydurma dövlət idarəsinin işçisi kimi təqdim edirlər, bununla da müştəri ilə söhbətdə daha etibarlı görünməyə çalışırlar. Əslində isə istənilən müştəri məhkəməyə müraciət edərək, bankı bank sirrinin pozulmasında ittiham edə bilər”.
Həmsöhbətimiz qeyd etdi ki, kollektorların fəaliyyəti tamamilə qanunsuzdur, çünki başqa heç bir yolla onlar legitimlik qazana bilmirlər: “Əvvəllər kollektorlar guya məhkəmədə bankları təmsil edən şəxs kimi müqavilə imzalayıb, borcları tələb edirdilər. Lakin vəkillərlə bağlı qanunvericiliyə edilən dəyişikliklərdən sonra bu da mümkün olmadı. Hər hansı bankı və ya başqa bir qurumu məhkəmədə yalnız vəkillər təmsil edə bilər”.
Günel CƏLİLOVA