Tütünə aksiz artırılır, qızıla aid bəzi vergilər azaldılır - qiymət bazarımızı nə gözləyir...

Natiq Cəfərli: “...növbəti bahalaşmaya səbəb olacaq”

img

Məlum olduğu kimi, ölkəyə idxal edilən elektron siqaretlər üçün mayenin aksiz vergisi 5 dəfə artırılıb. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, ölkəyə idxal edilən elektron siqaretlər üçün mayenin 1 litri üçün 100 manat aksiz vergisi tətbiq olunacaq.

Qeyd edək ki, əvvəl bu rəqəm 20 manat idi. Eyni zamanda, qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarına da aksiz vergisi tətbiq olunacaq. Qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədədi üçün 12,9 manat aksiz vergisi müəyyənləşib.

Maraqlıdır, Nazirlər Kabinetinin məlum qərarı bazarda qiymətlərə necə təsir edəcək? Siqaretin satış qiyməti yenidən artacaqmı?

  • “Siqareti tərgidə bilməyən insanlar bahalaşma olduqca daha ucuz və keyfiyyətsiz tütün məmulatlarına yönəlirlər”

Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Natiq Cəfərli qeyd etdi ki, tütün məmulatlarının idxalına tətbiq edilən vergilərin artırılması siqaretdə növbəti bahalaşmaya səbəb olacaq: “Dəyişikliyə əsasən, vergilərin artırılması ilə əlaqədar tütün məmulatlarının bahalaşmasını may ayından müşahidə etməliyik. Amma qərar məlum olduğundan, bazarda siqaretlərin daha tez bahalaşmasının şahidi olacağıq. Son illər siqaretin vergi dərəcələrinin yüksəldilməsindən sonra davamlı bahalaşma müşahidə edilir. Qiymət artımları kifayət qədər böyükdür və sadəcə, sosial məsələ olmadığına görə insanların etirazına səbəb olmur”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, dünya ölkələri zaman-zaman tütün məmulatları, spirtli içkilərin gömrük rüsumu və vergi dərəcələrini artırırlar. Artımın əsas səbəbi kimi bir çox halda bu məhsulların sağlamlığa vurduğu ziyan göstərilir. Son illər Azərbaycanda aksiz dərəcələri sürətlə artır. Bu artımlar zamanı iki məsələyə diqqət edilməlidir. Birincisi, ölkəmizə qaçaqmalçılıq yolu ilə daha çox siqaretin gətirilməsi müşahidə ediləcək. Qiymət artırılan zaman qonşu ölkələrdəki qiymətlərə diqqət yetirmək lazımdır. Türkiyədə olan qiymətlərlə müqayisədə Azərbaycanda siqaret ucuzdur. Amma Gürcüstan, İran və Rusiyadan baha olarsa, qaçaqmalçılığın genişlənməsinə səbəb olacaq. İkinci təhlükə sağlamlığın pozulması ilə bağlıdır. Hökumət rəsmiləri bahalaşmanı sağlam həyatın təşviqi kimi təqdim edirlər. Amma siqareti tərgidə bilməyən insanlar bahalaşma olduqca daha ucuz və keyfiyyətsiz tütün məmulatlarına yönəlirlər. Bu da sağlamlığa daha böyük ziyan vurur”.

Günel CƏLİLOVA

Son xəbərlər