Qarabağda xüsusi iqtisadi rejim - əsas xarakterik fərqlər özünü necə göstərəcək…

Kamran Məmmədli: “Tezliklə Qarabağ iqtisadi rayonu Azərbaycan iqtisadiyyatında mühüm rol oynayacaq”

img

"Bu il işğaldan azad edilmiş Qarabağ bölgəsində istehsal proseslərinə başlanacaq”. Bunu İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin müdiri Hüseyn Hüseynov deyib.

Onun sözlərinə görə, bu, ölkənin iqtisadi inkişafına töhfə verəcək: “Müxtəlif beynəlxalq təşkilatlar Azərbaycanda növbəti illərdə iqtisadi artımla bağlı müxtəlif proqnozlar verir. Məsələn, Beynəlxalq Valyuta Fondu 2 % artım gözləyir. Amma İqtisadiyyat Nazirliyi olaraq biz iqtisadi artım məsələsinə daha nikbin yanaşırıq. Çünki 2021-ci ildən Qarabağın potensialının Azərbaycan iqtisadiyyatına, ümumdaxili məhsulumuza əlavə dəyər qatacağı gözlənir. Həmçinin, Qarabağda xüsusi iqtisadi rejimin tətbiq edilməsi imkanları nəzərdən keçirilir. Bu rejimdə güzəşt məsələləri öz əksini tapacaq”.

  • “Özəl sektoru cəlb etməklə Qarabağı daha qısa müddətdə yenidən qurmaq və inkişafına nail olmaq olar”

Qarabağda iqtisadi rejimin tətbiq edilməsinin əhəmiyyəti haqqında danışan iqtisadçı Kamran Məmmədli qeyd etdi ki, tezliklə Qarabağ iqtisadi rayonu Azərbaycan iqtisadiyyatında mühüm rol oynayacaq: “Qarabağda böyük iqtisadi potensial var. Bölgə həm yeraltı, həm də yerüstü sərvətlərlə zəngindir. İlk növbədə, aqrar sektorun inkişafına, daha sonra yüngül sənaye və yeyinti sənayesinin inkişafına çalışmaq lazımdır. Mədən sənayesinin bərpası bir qədər vaxt aparacaq. Bəziləri hazırdır, bəzilərini isə yeni texnologiyalarla istismar etmək lazımdır. Buraya su ehtiyatlarını da əlavə etmək olar ki, bu da dolayı yolla qonşu bölgələrin aqrar sektoruna yardım etmiş olacaq. Bundan başqa, Qarabağda turizm potensialı da böyükdür. Əlbəttə, ilk 1 ildə bu istiqamətdə bərpa və yenidənqurma işləri aparılacaq. İnfrastruktur bərpa olunmalı, təkmilləşdirilməli, yaşayış məntəqələri, sosial obyektlər, istehsal obyekləri tikilməlidir. Əsas gəlirlər 2022-ci ildən etibarən əldə olunacaq. Bir neçə ildən sonra bölgə iqtisadiyyatdakı payına görə inzibati bölgüdə ilk 3-lükdə olacaq”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, sahibkarlar işğaldan azad olunmuş ərazilərin bərpasında çox aktiv iştirak etməlidirlər: “İş adamlarının bərpa layihələrində iştirakı üçün sərfəli bir mexanizm yaradılmalıdır. Özəl sektoru cəlb etməklə Qarabağı daha qısa müddətdə yenidən qurmaq və inkişafına nail olmaq olar. Sürətlə canlanma olacaqsa, Qarabağın Azərbaycan iqtisadiyyatına köməyi daha tez və nəzərəçarpan olacaq”.

Günel CƏLİLOVA

Son xəbərlər