24/11/2020 13:34
728 x 90

Azad olunmuş ərazilərimizdə tək aqrar sektor hesabına 450 min iş yeri aça biləcəyik...

Rəşad Həsənov: “Qarabağ Azərbaycan üçün mənəvi dəyəri ilə yanaşı, əlavə dəyər imkanı olan coğrafiyadır”

img

Azərbaycanın işğal altında olan torpaqlarının geri alınması həmin ərazilərdə iqtisadiyyatın bərpası üçün təcili addımların atılmasını zəruri edir. Müvafiq infrastruktur yaradıldıqdan sonra Qarabağda iqtisadiyyatın müxtəlif sahələri, xüsusilə də kənd təsərrüfatının inkişafı istiqamətində ciddi addımlar atılmalıdır.

Qeyd edək ki, ordumuzun Ermənistan işğalından azad etdiyi rayonlarda Prezident İlham Əliyevin oktyabrın 29-da imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərmana uyğun olaraq, xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılıb. Fərmana əsasən, müvəqqəti komendantlıqlar tərəfindən Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə kənd təsərrüfatı üçün yararlı torpaqların müəyyənləşdirilməsi, kənd təsərrüfatı texnikası və istehsal vasitələrinin, kənd təsərrüfatı heyvanlarının uçotunun aparılması, saxlanması və mühafizəsi, fitosanitar və epizootik vəziyyətin ilkin qiymətləndirilməsi həyata keçiriləcək.

İşğaldan azad edilmiş ərazilərdə aqrar sahənin inkişaf etdirilməsi kənd təsərrüfatının inkişaf etdirilməsi ilə yanaşı, çoxlu sayda iş yerinin açılmasına səbəb olacaq.

  • “…kənd təsərrüfatı seqmenti üçün düşünüləndir”

İqtisadçı-ekspert Rəşad Həsənov qeyd etdi ki, işğaldan azad edilmiş ərazilərin maddi-mənəvi dəyəri çox böyükdür. Həmin ərazilər Azərbaycanın təbii coğrafi şəraitinin inciləridir: “Orada həm yeraltı sərvətlər, həm də flora və fauna baxımından kifayət qədər böyük potensial var. Əslində, Qarabağ Azərbaycan üçün mənəvi dəyəri ilə yanaşı, əlavə dəyər imkanı olan coğrafiyadır. Həmin ərazilər işğaldan əvvəl kənd təsərrüfatı üzrə ixtisaslaşmışdı.Təbiəti, torpaqları, suvarma imkanları həm əkinçiliyin, həm də maldarlığın inkişafı üçün çox böyük potensial formalaşdırırdı. Təxminən 1 milyon hektar yararlı torpaqlar var idi. Onun da 250 min hektarı faktiki suvarılan torpaqlar idi. Düzdür, son dövrlərdə baxımsızlıq səbəbindən həmin ərazilərdə torpaqların bir qismi keyfiyyətini itirib, şoranlaşıb. Amma yenə də kənd təsərrüfatına qaytarmaq mümkündür. İlk olaraq həmin ərazilərin kənd təsərrüfatı potensialını qiymətləndirməyə çalışdıq. 450 mindən artıq əlavə iş yeri formalaşdırmaq imkanı var. Bu, sadəcə, kənd təsərrüfatı seqmenti üçün düşünüləndir. İllik təxmini 1.5-2 milyard manatlıq aqrar sektorda əlavə dəyərin yaradılması imkanları mövcuddur".

Günel CƏLİLOVA

Son xəbərlər