24/11/2020 12:46
728 x 90

Türkiyədən Naxçıvana 2,5 milyard dollar dəyərində dəmir yolu - ekspertlər dividendlərimizin daha nəhəng olacağını düşünür

Kamran Məmmədli: “Bu dəhliz əsasən iqtisadiyyatın dirçəlməsinə zəmin yaradacaq”

img

Azərbaycanda baş verən proseslərdən sonra Türkiyədən Naxçıvana dəmir yolu xətti çəkilişi planlaşdırılır. Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu deyib.

A.Qaraismayıloğlu bildirib ki, bu istiqamətdə görülən işlər artıq  yekunlaşmaq üzrədir.

Xatırladaq ki, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın hökumət başçısı noyabrın 10-da birgə bəyanat imzalayıblar. Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdiriləcək.

Qeyd edək ki, Azərbaycan Bakıdan Naxçıvana dəmir yolu xətti çəkmək istəyini bildirmişdi. Bununla bağlı açıqlamalar 2017-ci ildən səsləndirilib. Bu xəttin yaradılması Türkiyə və ya İran üzərindən təklif edilirdi. Bakı-Tiflis-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə Qarsdan Sədərəkə dəmir yolu xəttinin çəkilməsinin mümkünlüyü müzakirə edilirdi. Bu layihənin dəyəri 2-2,5 milyard ABŞ dolları təşkil edir. Ekspertlərin fikrincə, layihəyə bu qədər vəsait özünü doğruldacaq və istənilən nəticə əldə olunacaq.

  • “Türkiyə və Azərbaycan arasında daşımaların maya dəyərini aşağı salacaq”

İqtisadçı-ekspert Kamran Məmmədli bildirdi ki, iki ölkə arasında nəzərdə tutulan iqtisadi əməkdaşlıq çərçivəsində kommunikasiyalar açıla, dəmir yolu bərpa oluna bilər: “Bakı-Naxçıvan-Türkiyə istiqaməti üzrə hərəkət edən dəmir yolunun bərpası gözlənilirdi. Bu yol Azərbaycandan keçməklə Naxçıvan, sonra İran üzərindən hərəkət edən bir xətt idi. Məlumdur ki, münaqişə nəticəsində həmin xəttin çox yerdən keçən hissəsi dağıdıldı. İşğal altında olmuş Zəngilan və Cəbrayıldan keçən hissəsində də həmin dəmir yolunu dağıdıblar”.

Həmsöhbətimiz hesab edir ki, qardaş ölkə Türkiyə tərəfindən Bakıdan Naxçıvana dəmir yolu xətti çəkilməsi əhəmiyyətlidir. Bu layihənin dəyəri 2-2,5 milyard ABŞ dolları təşkil edir. Qeyd olunan vəsaitlə layihəni tam olaraq yekunlaşdırmaq olar. Ümumiyyətlə, bu dəmir yolu çox əhəmiyyətli dəhlizdir: "Bu dəhliz əsasən iqtisadiyyatın dirçəlməsinə zəmin yaradacaq. Dəhliz Naxçıvandan keçmək şərtilə Türkiyə ilə Azərbaycan arasında bir xəttdir. Bu xətt bərpa olunandan sonra Türkiyə və Azərbaycan arasında daşımaların maya dəyərini aşağı salacaq”.

Günel CƏLİLOVA

Son xəbərlər