26/10/2020 02:01
728 x 90

Dünya Bankından ağır müharibə dövrü üçün Azərbaycanın kənd təsərrüfatında 1,5 faiz artım proqnozu…

Vüqar Bayramov: “Karantin dövründə kənd təsərrüfatı müəssisələrinin fəaliyyətini davam etdirməsi aqrar sektorun inkişafına səbəb olacaq”

img

Kənd təsərrüfatı maddi istehsalın ən qədim və geniş yayılmış sahəsidir. Dünyanın bütün ölkələrində kənd təsərrüfatı az və ya çox dərəcədə inkişaf edib. Ölkəmizdə də bu sahəyə xüsusu diqqət ayrılır.

Qeyri-neft sektorunun bir qolu hesab olunan aqrar sahənin inkişafı üçün hökumət tərəfindən lazımi işlər görülür. Bu istiqamətdə görülən işlər artıq müsbət nəticəsini göstərir. Belə ki, beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanın aqrar sektorunun inkişaf səviyyəsində olduğu dəfələrlə qeyd edilib.

Dünya Bankının proqnozuna əsasən, bu il Azərbaycanda aqrar sektorda artım olacaq. Hesabata əsasən, Azərbaycanda kənd təsərrüfatının bu il 1,5% artacağı gözlənir, 2021-ci ildə artım 2,5%-ə, 2022-ci ildə isə 3,2%-ə bərabər olacaq.

Onu da qeyd edək ki, koronavirus pandemiyası bu və ya digər dərəcədə bir sıra ölkələrin kənd təsərrüfatına mənfi təsir edib. Nəticədə məhsul istehsalı azalıb. Belə ki, müxtəlif növ kənd təsərrüfatı məhsullarının istehsalında azalma qeydə alınıb.

Ancaq çətinliklərə baxmayaraq, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb.

  • “Aqrar sektor artım tempini qoruyub saxlaya bilən sahələrdən biridir”

Məsələ ilə bağlı fikir bildirən millət vəkili Vüqar Bayramov qeyd etdi ki, pandemiya şəraitində Azərbaycanın kənd təsərrüfatında qeydə alınan artımın bir sıra səbəbləri var: “Aqrar sektor ərzaq təhlükəsizliyi baxımından vacib sahə hesab olunur. Azərbaycanda pandemiya dövründə əsas hədəf vətəndaşları qorumaq oldu. Bununla yanaşı, pandemiya dövründə fəaliyyətinə icazə verilən sektorlara xüsusi diqqət göstərildi. Onlardan biri də aqrar sektor idi. Məlum olduğu kimi, karantin dövründə kənd təsərrüfatı müəssisələri fəaliyyətini davam etdirdi. Bununla bağlı hər hansı bir çətinlik olmadı. Aqrar sektorun subsidiya və digər formada dəstəklənməsi davam edir. Eyni zamanda, sərt karantin vaxtı fermerlərin məhsul satışına icazə verildi. Bu, xüsusən də ərzaq təhlükəsizliyi baxımından çox vacib idi. Çünki pandemiya aqrar sahəyə təsir etmişdi. Dünyada kənd təsərrüfatı məhsullarının qiymətində artım var idi. Azərbaycan isə yerli istehsalı qoruyub saxlaya bildi. Hesab edirəm ki, bu, çevik və sistemli siyasətin nəticəsində mümkün olub. Növbəti illərdə də kənd təsərrüfatında artımın qorunub saxlanacağı gözlənir. Çünki aqrar sektor artım tempini qoruyub saxlaya bilən sahələrdən biridir. Bu isə ondan xəbər verir ki, 2020-ci ildə aqrar sektorda artım tempini qoruyub saxlaya biləcəyik və qarşıdakı müddət ərzində aqrar sektorda artım qeydə alınacaq”.

Günel CƏLİLOVA

Son xəbərlər