25/10/2020 18:18
728 x 90

Banklar istehlak kreditlərinin faizini 35-dən 15-ə saldılar - kimə nə fayda…

Samir Əliyev: “İstehlak krediti faizlərinin aşağı düşməsi banklarda böyük həcmdə depozitlərin olması ilə əlaqəli ola bilər”

img

Azərbaycanda bank kreditlərinin faiz dərəcələrinin yüksək olması, eyni zamanda, depozit və kredit faizləri arasındakı böyük fərq ictimaiyyəti narahat edən mühüm məsələlərdəndir. İstehlak kreditlərinin faiz dərəcəsinin yüksək olması dəfələrlə gündəmə gəlib. Problemin həll olunması istiqamətində bir sıra addımlar atılıb.

Nəzərə almaq lazımdır ki, kredit faizlərinin yüksək olması hər bir vətəndaşı maraqlandıran, onların yaşayış tərzinə təsir edən amildir. Hazırda ölkədə kreditlər, xüsusilə istehlak kreditləri 20 faizdən yuxarı təklif olunur ki, bu da vətəndaş üçün heç də əlverişli deyil. Ekspertlərə görə, Azərbaycanda bank kreditlərinin faiz dərəcəsinin yüksək olmasını şərtləndirən bir sıra amillər var.

Qeyd etdiyimiz kimi, bu istiqamətdə aparılan işlər artıq müsbət nəticəsini göstərir. Belə ki, son zamanlar banklarda istehlak kreditlərinin faiz dərəcəsi aşağı düşüb.

Hazırda “Bank Respublika” istehlak kreditlərinə olan faiz dərəcəsini 15%-ə endirib. “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı” da istehlak kreditlərini ucuzlaşdırıblar.

  • “…əhalinin də pandemiya dövründə gəlirlərinin azalması istehlak krediti üçün müraciət edənlərin sayını azaldıb”

İqtisadçı-ekspert Samir Əliyev bildirdi ki, istehlak krediti faizlərinin aşağı düşməsi banklarda böyük həcmdə depozitlərin olması ilə əlaqəli ola bilər: “Bu gün banklarda böyük həcmdə pullar var. Bu onunla bağlıdır ki, banklarda böyük məbləğdə pullar qalır və insanları faizləri aşağı salmaqla kredit götürməyə cəlb edirlər. Mövcud vəziyyətlə əlaqədar banklar bu cür variantlardan istifadə edirlər. Bu gün Azərbaycan banklarında depozit həcmi 19.4 milyard manatdır. Onların verdiyi kredit isə 14 milyard manatdır. Hardasa 5-6 milyard manatlıq artıq pul var. Bu pulu reallaşdıra bilmirlər deyə, məcburdurlar faizləri aşağı salsınlar. Banklar biznes kreditləri verməkdə çox da maraqlı deyillər. Səbəbi də odur ki, biznes kreditləri daha çox vəsait  və aşağı faiz tələb edir. Banklar daha çox istehlak kreditlərinə üstünlük verirlər. Əhalinin də pandemiya dövründə gəlirlərinin azalması istehlak krediti üçün müraciət edənlərin sayını azaldıb”.

Günel CƏLİLOVA

Son xəbərlər