Dövlət başçısının ilin idman yekunlarına həsr olunmuş tədbirlərdə idman qələbələrinin qazanılmasında əməyi olan idmançılar, məşqçilər və mütəxəssislərlə görüşü son illərin ən gözəl ənənələrindəndir.
Hər dəfə belə görüşlər idmanımızın inkişafına yeni təkan verir, onları daha parlaq qələbələrə ruhlandırır. Azərbaycan idmanının bayraqdarlarının bu “qələbə paradında” daxili işlər orqanlarının əməkdaşlarını görmək sevincimizə sevinc, fərəhimizə fərəh qatır.
Ötən il dekabrın 18-də dövlət başçısının iştirakı ilə keçirilən 2017-ci ilin idman yekunlarına həsr olunmuş növbəti belə tədbir də istisna olmadı. Bu dəfə də təltif olunanlar arasında daxili işlər orqanlarının idmançı əməkdaşları, DİN İdman Cəmiyyətinin təmsilçilərini görmək qürurverici idi.
Həmin tədbirdə Prezident ölkədə idmanın inkişafında və əldə etdiyi yüksək nailiyyətlərə görə göstərilən ali diqqət və qayğının növbəti əyani təzahürü olaraq onlara yeni mənzillərin orderini təqdim etdi.
Təltif olunan idmançı və idman mütəxəssisləri arasında bir əməkdaşımız xüsusilə diqqət çəkdi. Elə buna görə də onu oxucularımızla daha yaxından tanış etmək qərarına gəldik. Bakı Şəhər BPİ-nin DYPİ-nin YPXA-nın polis nəfəri Nicat Əliyev universal döyüş üzrə qatıldığı mötəbər yarışlarda yüksək nəticələr əldə edib.
Söhbət zamanı öyrəndik ki,idmançımızın 25 yaşı var. Kiçik yaşlarından idmanın sambo və universal döyüş növləri ilə məşğul olub. Dəfələrlə sambo üzrə respublika birincisi olub, beynəlxalq turnirlərdə qalib gəlib. Universal döyüş üzrə keçirilən ölkə birinciliklərində 12 dəfə çempion olub. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirlərdə 5 dəfə baş mükafata sahib olub. Kişilər arasında üçqat dünya və beşqat Avropa çempionu olub. Dunya Oyunlarında baş mükafata sahib olub. Peşəkar rinqdə Asiya kəməri uğrunda qarşılaşmalardan qalibiyyətlə ayrılıb və kəməri qazanıb.Yüksək nailiyyətlərə görə ona “əməkdar idman ustası” fəxri adı verilib.
Polis sıravisi Nicat Əliyev bildirdi ki, iş günü nə qədər gərgin keçsə də, hər axşam məşqlərə gedir. Söhbətimizdə ölkə və DİN rəhbərliyi tərəfindən idmanın inkişafına yaradılan şəraitin onu ölkəmizin idman şərəfinin qorunması, bayrağımızın ucaldılması üçün yeni qələbələrə ruhlandırdığını bildirdi.
Zeyni HÜSEYNOV DİN Mətbuat Xidmətinin əməkdaşı