2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarında 50 Milli Olimpiya Komitəsi (MOK) iştirak edəcək və heç kim kənarda qalmayacaq. Trend-in məlumatına görə, bunu Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki cümə günü Bakıda keçirilən mətbuat konfransında Ermənistanın Avropa Oyunlarında iştirakı ilə bağlı suala cavab verərkən deyib.
Öz növbəsində, Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, onlar hələ də müxtəlif Milli Olimpiya komitələrindən yerlərin sayı ilə bağlı informasiya alırlar və əlavə edib ki, hələlik bu məsələ ilə bağlı heç bir konkret məlumat verə bilməz.
İdmançıların Olimpiya kəndində yerləşdirilməsindən danışan S.Kleq qeyd edib ki, bu, çox mürəkkəb məsələdir.
Onun sözlərinə görə, 50 ölkədən 7200 idmançını yerləşdirmək lazım gələcək: "Biz çoxsaylı amilləri öyrənirik. Biz 50 Milli Olimpiya Komitəsi ilə kənddə onların harada qalmaq istədikləri barədə danışıqlar aparırıq”.