Bakıda ilk Avropa Oyunlarının keçirilməsi Azərbaycanın və Avropa idmanının tarixinə düşəcək. Trend-in məlumatına görə, bunu cümə günü Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos Bakıda mətbuat konfransında deyib.
O, qeyd edib: "Fikrimcə, bizim fantastik açılış mərasimi və əla oyunlarımız olacaq. Şübhə etmirik ki, Bakı möhtəşəm oyunlar keçirəcək və biz hamımız burada Azərbaycan və Avropa idmanı tarixini yaradırıq".
S.Kapralos oyunlara hazırlıq üzərində işləyənlərin hamısına təşəkkür edib. Sədr bildirib ki, Ələqələndirmə Komissiyasının nümayəndə heyətinin son səfərindən etibarən Bakıda oyunlara hazırlıq işləri çox irəli gedib.
Onun sözlərinə görə, qısa müddət ərzində böyük iş görülüb: "Bundan sonra diqqəti təfərrüatlara yönəltmək lazımdır: "İndi Bakıya kiçik qruplardan ibarət ekspertlərin texniki səfərləri başlayacaq və hazırlığın yoxlanılmasına xüsusi diqqət ayrılmalıdır. Avropa Olimpiya Komitəsi bu məsələdə Bakıya tam dəstək verməyə hazırdır".
Əlaqələndirmə Komissiyasının sədri əlavə edib ki, Bakıda Avropa Oyunlarının keçirilməsi üçün bir çox unikal obyekt tikilib: "Bakı Atıcılıq Mərkəzi dünyada ən yaxşısıdır. Avropa Oyunlarının keçirilməsi nəticəsində ölkə böyük irs əldə edəcək".