"Xəzər adaları" futzal klubunun büdcəsi 3 dəfə artırıla bilər. Fanat.az xəbər verir ki, bunu jurnalistlərlə görüşdə klub prezidenti Hacı İbrahim Nehrəmli səsləndirib.
Eyniadlı konsernin rəhbəri ölkə çempionu olacaqları təqdirdə büdcənin 3 milyon dollaradək artırılacağını bildirib: "Cari mövsüm üçün büdcəmizi 1 milyon dollar etdim. Heç vaxt ikinciliklə barışmamışam. Azərbaycan çempionu olub, Avropada ölkəmizin adını ucaltmaq istəyirik. Özü də tək iştirak etməklə kifayətlənmək fikrimiz yoxdur. UEFA Kubokunun qalibi olmaq istəyirik. Əgər Azərbaycan çempionu olsaq, dünyanın ən güclü futzalçılarını klubuma dəvət edəcəyəm. Hesab edirəm ki, bunun üçün 3 milyon dollarlıq büdcə kifayət edər".
Hacı İbrahim Nehrəmli bildirib ki, cari mövsümdən futzal çempionatının güclülər dəstəsində çıxış edən "Xəzər adaları" yaxın perspektivdə futbol çempionatına da qatıla bilər.
Bundan başqa iş adamı futbol klubu yaratmaq istədiyini də deyib: "Oğlum hazırda Londonda təhsil alır. Mənə futbol klubu yaratmağı da məhz o, təklif edib. Açığı, özümü idman bilicisi saymıram. Ona demişəm ki, təhsilini başa vurduqdan sonra klub yaratmasında yardımçı ola bilərəm. Sadəcə, nəyisə yaratdıqda birinci olmağa can atmalısan. Yəni futbola sərmayə qoysam, mütləq ölkədən kənarda da adımızdan söz etdirmək uğrunda mübarizə aparacağam".