Redaksiyamıza Orxan Zakiroğlu (Baharlı) adlı oxucumuzdan məktub daxil olub. Qəzetimizin baş redaktoru Aydın Quliyevin adına ünvanlanan məktubda O.Zakiroğlu yazır ki, redaksiyanın əməkdaşı Fazil Qaraoğlunun “Bakı-Xəbər”in 21 aprel 2017-ci il tarixli sayında çap olunan “Tarixdə iz buraxanlar: Qara Yusif” başlıqlı məqaləsinin əsas hissələri onun “Təzadlar” qəzetinin 24 noyabr 2015-ci il tarixli sayında dərc edilən “Qaraqoyunlu dövlətinin qurucusu” sərlövhəli yazısından köçürülüb.
Baş redaktor A.Quliyev məsələyə həssas münasibət göstərərək O.Zakiroğlunu redaksiyamıza dəvət edib. Redaksiyada məsələ ilə bağlı baş redaktorun iştirakı ilə F.Qaraoğlu və O.Zakiroğlu arasında söhbət olub. F.Qaraoğlunun öz məqaləsində müəllif Orxan Zakiroğlunun bəzi fikirlərini istinadsız təkrar etdiyi yəqinləşib. F.Qaraoğlu onu plagiatlıqda suçlayan O.Zakiroğluna bildirib ki, bu yazını hazırlayarkən digər mənbəyə istinad edib, lakin istifadə etdiyi həmin mənbədə də yazının əsl müəllifinin kimliyi göstərilməyib. Başqa sözlə desək, F.Qaraoğlunun köçürməsinin vicdanlı yanılma ilə baş verdiyi qeyd edilib. Bu məsələdə yanlış anlaşılma olduğunu bildirən F.Qaraoğlu müəllif hüquqlarına hörmətlə yanaşdığını vurğulayaraq, O.Zakiroğludan üzr istəyib. Söhbətin yekunu olaraq, tərəflər arasında qarşılıqlı anlaşma əldə olunub. Bununla belə, F.Qaraoğlunun diqqətinə çatdırılıb ki, bütün hallarda, diqqətini artırsın və istifadə etdiyi mənbələrə daha məsuliyyətlə yanaşsın.
O.Zakiroğlu “Bakı-Xəbər”in baş redaktoru A.Quliyevə qaldırdığı məsələnin aydınlaşdırılmasına göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Xəbər Xidməti