“Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkmənistana səfəri və imzalanmış sənədlər Xəzəryanı bölgədə dövlətlərarası inteqrasiyanın hələ nə qədər geniş potensiallarının olduğunu bir daha aşkara çıxardı”.
Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib. Onun sözlərinə görə, potensiallar enerji, nəqliyyat, tranzit və logistika sahələrini əhatə etməklə çox geniş sferanı əhatə edir: “Avropa və Asiyanın kəsişmə məntəqəsi olan Qafqaz və Mərkəzi Asiyanın bu imkanlarının üzə çıxarılmasında Azərbaycan diplomatiyasının və şəxsən cənab Prezidentin çoxşaxəli və çox dəqiq əməkdaşlıq düsturları ilə işlədiyini Türkmənistan səfərinin nəticələri bir daha göstərdi. Azərbaycan-Türkmənistan münasibətlərinin bu gününü və 18 il əvvəlki səviyyəsini müqayisə etsək dövlətlər arasında ağıllı diplomatiyanın nələrə qadir olduğunu bir daha görə bilərik. Bütün istiqamətlərdə fasiləsiz inkişaf edən bu iki ölkənin münasibətləri təkcə iki xalqın yox, həm də region xalqlarının və hətta Avropa dövlətlərinin həyati mənafelərinə cavab verən nəticələr ortaya qoyur və yeni yollar açır. Ölkələrimizin böyük iqtisadi və təbii imkanları var. Bu imkanların daha sıx birləşdirilməsi ücün Prezidentlərin son müzakirələri çox qiymətlidir və nəticələrini hər keçən gün ərzində göstərməkdə davam edəcək. Azərbaycan və Türkmənistan kimi iki böyuk iqtisadiyyatın birləşdirilməsi bütün regionun mənzərəsini və xalqların rifahını dəyişmək gücündə olan təsirli faktordur. Azərbaycanın təşəbbüskarı olduğu Sərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb dəhlizlərinin yeni qollarının və imkanlarının ortaya çıxarılması üçün əlverişli şərait yarandı. Azərbaycan və Türkmənistan Mərkəzi Asiyanın enerji və logistika imkanlarının dünya bazarına açılmasında mühüm hala çevrilməkdədir.
Azərbaycanın təşəbbüskarı olduğu Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə dördtərəfli əməkdaşlıq formatı indi regionda təhlükəsizlik və sülhün daha möhkəm əsasına çevrilir. Türkmənistanla Azərbaycanın bu gün demək olar ki, heç bir mübahisəli məsələsi qalmayıb. Üstəlik gələcəkdə mürəkkəb məsələlər meydana çıxsa belə onu çox asanlıqla həll etmək üçün möhkəm dövlətlərarası və prezidentlərarası etimad mühiti yarandı. Bu iki ölkənin bir-birinin taleyində mühüm rol oynadığına və gəkəcəkdə də oynayacağına hər iki tərəfdə möhkəm inam yaranmaqdadır. Azərbaycan-Türkmənistan münasibətlərinin müsbət dinamikası regiondakı digər ölkələrin də qarşılıqlı münasibətlərinə hiss olunan qədər mütərəqqi təsir göstərəcək”.