Ölüm sevinməsin heç!

img

Ölüm, elə bil ki, qəsdən jurnalistlər tərəfdə hərlənir. Elə bil bizimlə göz yağı yeyib ki, indi də bizə göz dağı verir. Son illər neçə-neçə həmkarımızı itirdik, bəzilərini korona əlimizdən aldı, ikisi erməni terrorunun qurbanı oldu, neçəsi ürəkdən, xərcəngdən, qara çiyər serrozundan getdi. Getdilər... Hamısı da cavan yaşında, arzularının çiçək çağında, oğul-qız toyu görmədən...

Acı xəbərlərin ley kimi üstümüzə şığıdığı, bəd xəbərlərin növbəyə düzüldüyü bir vaxtda tanınmış jurnalist, hər birimizin ürəyində ayrıca yeri olan Qadir İbrahimlinin sarsıdıcı ölüm xəbərini duyduq. Səhər eşitdiyim ilk xəbər Qadirin ölüm xəbəri oldu. Gülər üzlü, saf ürəkli, şən-zarafatcıl Qadir necə oldu ki, əlini-qolunu sallayıb ölümə təslim oldu?..

Ölüm nədir ki, sən deyən

Ölüm səndən aşağdadı...

Topuğunda torpaq səsi

Ayağında torpaq dadı...

Qadirin ölüm xəbərini eşidəndə qaraladım bu misraları... Qadir indi torpağa qovuşub, indi torpağı bizdən daha yaxşı duyur...

Ölümlə zarafat edən Qadir, ölümü eyninə almayan Qadir, inanmazdım, inanmazdıq ki, bizi gülə-gülə tərk edəcəksən. Son statuslarından birini yanına tələsdiyin cənnətməkan anandan yazanda gərək biləydik ki, özünü onunla görüşə, bizimlə ayrılığa hazırlayırsan. Əslində, hər birimiz hər gün sənin getdiyin yerə bir iynə ucu boyda yaxınlaşırıq, amma sən quş qanadı taxıb bizdən əvvəl çatdın cənnət evinə. Bir topa işıq kimi ürəklərimizdə qaldın, əziz həmkarımız, qonşumuz. O qədər zarafatcıl idin, mənə elə gəlir yenə də zarafat edirsən, başımızı qatırsan. Elə bilrəm ki, yenə də həyətdə, yolda-izdə, mağazada, lap elə feysbukda qarşılaşacağıq səninlə. Amma reallığa dönəndə dərk edirəm ki, sənin yolun daha bizdən gen düşdü, Qadir. Ölüm yanağımıza yaş, ürəyimizə qəm salıb səni çəkib apardı. Yerin cənnət olsun ölümə tələsən, ölümə can atan, ölümlə zarafat edən həmkarımız. Sənin ölən yaşın deyildi ki, ölüm heç sevinməsin!

Sənin qəfil ölümün bütün jurnalistika aləmini, səni tanıyanları, dostları-tanışları, hətta səni heç şəxsən tanımayanları da çox incitdi, sarsıtdı. 53 nə yaşdır ki... Ölümlə sanki qaçdı-tutdu oynayırdın. Bizim dualarımız da sağalmaz dərdinin dərmanı olmadı. Həkim demişdi sağalmaz daha... Dualarımızı da Tanrı eşitmədi...

Ailənin, balalarının və jurnalistikamızın başı sağ olsun!

 “Bakı-Xəbər” ailəsi adından İradə SARIYEVA

Peşə etikası

Son xəbərlər