Bakı Təşəbbüs Qrupu 2023-cü ilin iyul ayında müstəmləkəçiliyin aradan qaldırılmasına həsr olunmuş beynəlxalq konfrans çərçivəsində təsis edilib və fəaliyyətə başladığı dövrdən etibarən bu istiqamətdə ardıcıl və sistemli iş aparır.
Bu barədə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov “Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq Gənclər Forumunda bildirib.
O qeyd edib ki, 2023-cü ildən bu günədək Qrup tərəfindən kolonial və neokolonial siyasətlərin nəticələri, dekolonizasiya məsələləri, insan hüquqlarının, yerli xalqların və etnik azlıqların hüquqlarının qorunması kimi mövzulara həsr olunmuş 35-dən çox beynəlxalq tədbir uğurla təşkil olunub.
A.Abbasovun sözlərinə görə, 2024-cü ildən etibarən Bakı Təşəbbüs Qrupu fəaliyyətini beyin mərkəzi kimi davam etdirir. Bu dövrdə üç kitab nəşr olunub, 40-dan çox analitik hesabat hazırlanaraq ictimaiyyətə təqdim edilib. Eyni zamanda, beynəlxalq təşkilatlara və aidiyyəti qurumlara alternativ hesabatlar təqdim olunub. Qrupun fəaliyyəti çərçivəsində hazırda müstəmləkəçilikdən əziyyət çəkən xarici ərazilərlə əməkdaşlıq əlaqələri qurulub. Bununla yanaşı, neokolonial siyasətlərdən zərər görmüş 15-dən çox ölkə ilə əməkdaşlıq genişləndirilib.
“Bakı Təşəbbüs Qrupu beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq edir. Birləşmiş Millətlər Təşkilatı və onun aidiyyəti qurumları, o cümlədən İnsan Hüquqları Şurası, İnsan Hüquqları Komitəsi, Afrika mənşəli xalqlar üzrə Daimi Forum və BMT-nin Gənclər Ofisi ilə əməkdaşlıq əlaqələri qurulub. Eyni zamanda, Qoşulmama Hərəkatı ilə də qarşılıqlı fəaliyyət həyata keçirilir. Bakı Təşəbbüs Qrupu qarşıdakı dövrdə də dekolonizasiya və insan hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətini genişləndirməyi nəzərdə tutur”, - deyə A.Abbasov bildirib.
ZÜMRÜD